DVX-nin Tədris Mərkəzinin əməkdaşlarının məqaləsi “Springer” nəşriyyatında çap olunub

Azərbaycan Respublikasının iqtisadi sahədə həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri də “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizənin təşkilidir. Son illərdə aparılan islahatlar ölkədə “kölgə iqtisadiyyatı”nın, onun geniş yayılmış qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik hallarının xeyli dərəcədə azalmasına imkan vermişdir. Lakin “kölgə iqtisadiyyatı”nın həcmi böyük potensial olduğundan, onunla effektiv mübarizə dövlət büdcəsinin gəlirlərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimiz tərəfindən bu sahədə ən müxtəlif, eyni zamanda, zəruri olan bütün istiqamətlər üzrə kompleks və institusional, həmçinin elmi tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab M.Cabbarovun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ardıcıl olaraq 13 fevral 2018-ci il və 18 fevral 2019-cu il tarixlərdə dövlət qurumların, beynəlxalq təşkilatların, ictimai birliklərin, qeyri-hökumət təşkilatların nümayəndələri, eləcə də sahibkarlar və iş adamlarının iştirakı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində bəhs edilən mövzunun kifayət qədər aktual olduğu nəzərə alınaraq, bu sahə üzrə keçirilən tədbirlərdə, layihələrdə iştirak etməyə, elmi məqalələrin hazırlanıb çap olunmasına səy göstərilir. “Vergilər” sosial-iqtisadi onlayn qəzetinin məlumatına əsasən, DVX-nin Tədris Mərkəzinin, AMEA İqtisadiyyat İnstitutunun və ADA universitetinin alimlərinin birgə əməkdaşlıq çərçivəsində hazırlamış olduqları “Dövlət - iqtisadi subyektin kölgə iqtisadiyyati və vergi sahəsində qarşılıqlı əlaqəsinin fazzi tənzimlənməsi modeli” (“Fuzzy Regulation Model of the Interaction Between the State and Economic Subject Within the Shadow Economy and Tax Field”) adlı məqalə 5 yanvar 2021-ci il tarixdə “Springer” Beynəlxalq Nəşriyyatında (Springer International Publishing) “14th International Conference on Theory and Application of Fuzzy Systems and Soft Computing – ICAFS-2020” mövzusunda keçirilmiş konfransın materiallarında çap olunmuşdur.

Məqalədə idarəedici faktor rolunda çıxış edən iqtisadi fəaliyyətin rentabelliyi, kölgədə qalma xərci, vergi və gəlirin ümumi faydalılığa töhfəsi fazzi yanaşma ilə qiymətləndirilmişdir. Kölgə iqtisadiyyatının qiymətləndirilməsi üçün gizlədilmiş rentabelliyə əsasən yeni metod təklif edilmişdir. Təklif olunan yanaşma yayındırılmış dövriyyəni real rentabelliklə bəyan olunmuş rentabelliyin fərqinə əsasən qiymətləndirməyə imkan verir və bu əsasda yayındırılmış vergi hesablanılır. Beləliklə, ilk dəfə olaraq kölgə iqtisadiyyatının xüsusi çəkisinin qiymətləndirilməsi üçün iqtisadiyyatın səmərəliliyini xarakterizə edən əsas faktorlardan biri rentabellikdən istifadə olunmasını yayındırılmış verginin hesablanması üçün effektiv yanaşma olduğu təsbit edilmişdir.

Məqalə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar: https://link.springer.com/chapter/10.1007/978-3-030-64058-3_27#citeas

Bütün xəbərlər Facebook səhifəmizdə