“Ermənilər özlərinin “Erməni xalqının tarixi” əsərində öz əcdadlarının Avropadan, Balkandan Asiyaya – Kiçik Asiyaya köçdüklərini etiraf edirlər. Qeyd edirlər ki, “dəniz xalqlarının” məlum köçkünləri zamanı eramızdan əvvəl XIII-XII əsrlərdə “armenlər onlara qohum olan frako-friq tayfaları ilə “Balkandan Kiçik Asiyaya daxil oldular...” Daha sonra isə onlar özlərinin “Erməni yaylası” adlandırdıqları, əslində isə Kiçik Asiyanın Şərq hissəsinə doğru hərəkət etmişlər. Arnold Toynbe erməni adının meydana gəlməsi haqqında fikirlərini aşağdakı şəkildə ifadə etmişdir:

“Əgər Telebas vadisi bu şəkildə, Assuriyalıların süqutu və Medlərin meydana çıxması arasındakı dövrdə Urartudan ermənilərə keçmişsə, bu maraq mövzusu olan iki adlandırmanın izah edilməsinə kömək göstərə bilər. İlk olaraq öz dillərində özlərinə hay deyən Müşkilərin rəsmi Əhəməni terminologiyasında hay yaxud Müşki və ya Gor diyarı əvəzinə Arminiya deyə tanıdıqları qəbul edilə bilinir. Bir qədim yer adı olan Arminiya, Muş yaxınlığında tapılan Menuas kitabələrində adı keçən Urartuca Urmeniuni-ni kəlməsindən meydana gəlmiş ola bilər. Bu işğal edilərək yerlə bir edilmiş şəhərin adıdır. Urmeniuni-ni ismi qədim Urartu kontonunun özlərinə hay deyən Müşkilərə verildiyini müəyyən etməklə yanaşı Medlər, ondan sonra farslar bu Urartu ərazisinin yeni sahiblərini, əllərinə keçən torpağın qədim Urartularda olan adı ilə adlandırmış ola bilərlər”.

Toynbe bu fikrin tamamilə əfsanə, mif olduğunu da əlavə edərək, bu sözün Urartunun son kralı III Rusanın atası Ermeniadan, yaxud miladdan öncə XI əsrin sonları ilə X əsrin əvvəlində Şimali Ərəbistandan gələrək Nairini işğal edən Aramaenlərin ölkəsi mənasına gələn “Aramu-ni”dən gələ biləcəyini də qeyd edir.

Məşhur alim Maspero iddia edir ki, “ermənilər Friqiyadan VIII əsrin sonuna yaxın gəlmiş, öz ilkin vətənlərinin qonşu vilayətlərində məskunlaşmış, sonra isə yavaş-yavaş Xalisin mənbəyinə doğru irəliləmişlər. Herodotun dövründə onlar Fəratın şərq hissəsində, Roma coğrafiyaşünasların təbirincə “kiçik Ermənistan”da, Arsen axınının qərb hissəsindəki torpaqlarda olmuşlar... Ermənilər davamlı olaraq şərqə doğru hərəkət etmiş, Orta Asiya ilə Xəzər dənizi arasında yerləşən dağ massivinə və Arazın ovalığına enmişlər. İsgəndərin Asiyaya gəldiyi zaman isə onların təkamül hərəkatı başa çatmışdır”.

Vanda və onun ətraflarındakı yazılarla tanış olan görkəmli gürcü alimləri “sübut etmişlər ki, Ermənistanın ilkin əhalisi, müasir ermənilərin mənşəyindən olmamışdır. Onların gürcülərlə və ya gürcü əhalisi ilə qohumluq əlaqəsi olmuşdur. Çünki bu yazıları yalnız gürcü dili əsasında izah etmək mümkündür. Bu yazılar gürcü dilinə çox oxşardır. Alimlərin bu qənaətlərinə üstünlük verməklə, haqlı olaraq, belə hesab etmək olar ki, qədim Ermənistanın(Qafqazda olmayan) bütün çarları gürcülər olmuşdur”.

Erməni tədqiqatçısı M.Abeqyanın sovet dövründə - 1975-ci ildə İrəvanda nəşr olunan “Qədim erməni ədəbiyyatı tarixi” əsərin də bu fikri təsdiqləyir. Ermənilərin əcdadlarının Avropada eramızdan əvvəl məskunlaşdığını, yunanların və frakiyalıların əcdadları ilə yaxın olduqlarını Kiçik Asiyaya köçdüklərini diqqətə çatdıran M.Abeqyan yazır:

“Bizim eramızdan əvvəl hələ Herodotun zamanında ermənilər öz ölkələrinə Qərbdən gəldiklərini aydın dərk edirdilər”.

Görkəmli rus alimi İ.M.Dyakonov ermənilərin nəinki Cənubi Qafqaza, hətta “vətən axtarışında” olduqları Kiçik Asiyaya gəlmə olduqlarını sübüt edir. İ.M.Dyakonov qədim və müasir erməni dilini Hind-Avropa dil qrupuna aid edir, onların Hurrit-Urartu, Hatts, müasir Qafqaz dillərinə, semit dillərinə qohum olmadığını təsdiq edir.

İ.M.Dyakonov həqqiqəti deməklə özünün alimlik etikasına və vicdanına sadiqliyini bir daha nümayiş etdirir: “qədim erməni dili Erməni yaylasındakı (əslində Kiçik Asiyanın şərq hissəsindəki) avtoxton dillərlə qohumluğu yoxdur, çünki onlar buraya xaricidən gəlmişlər”.

Ermənilərin Cənubi Qafqazdan kənar vətənlərini araşdıran erməni tədqiqatçısı Q.A.Karapetyan Hayas-Azzilər ölkəsinin Dəclə çayı yaxınlığında yerləşdiyini, deməli Kiçik Asiyadan və Qafqazdan kənarda olduğunu göstərir.

Belə məlum olur ki, skiflərin hücumundan sonra ermənilər şərqə Kiçik Asiyanın şərq hissəsinə köçmüş, sonralar isə bu yerləri “Erməni yaylası” adlandırmışlar. Erməni mənbələrinin də təsdiq etdiyi kimi, Kiçik Asiyanın şərq hissəsində erməni tayfa ittifaqı olan Hayas təşəkkül tapmış, onların dilləri hurrit, hettam və luviytsilər qrupuna aid olmuş, nə mənşələləri, nə də dillərilə Qafqaza bağlı olmamışlar. Eramızdan əvvəl XII əsrdə hurritlər, hetlər və luviytsilərin ərazisində Hind-Avropa dil qrupuna aid erməni dilli tayfalar yaranmışdır. Onları assiryalılar “müşkü” və “urumu”, yunanlar – “arili” adlandırmışlar ki, bundan sonra da etnonim olan “armenilər” anlayışı həmin sözdən götürülmüşdür”.

Bütün bunlar göstərir ki, “erməni xalqı eramızdan əvvəl II əsrin sonu – I əsrin əvvəllərində Kiçik Asiyanın şərq hissəsində (onların dedikləri kimi “Erməni yaylası”) burada qədimdən yaşayan tayfa və ittifaqların eradan əvvəl II əsrin sonlarında burada məskunləşmiş bir sıra digər tayfalarla qaynayıb qarışması nəticəsində yaranmışdır”.

Ermənilər özlərinin yaranma tarixini “qədimləşdirməyə” çalışırlar. Azərbaycan tədqiqatçıları H.Verdiyeva və R.Hüseynzadə Ermənilərin nəsil tarixi və onların Balkandan Qafqaza miqrasiyasına dair haqlı olaraq göstərirlər ki, “Erməni xalqının tarixi” kitabının 1980-ci ildə “xronoloji anomaliya” müşahidə olunur. Belə ki, həmin mənbə də ermənilərin eradan əvvəl II əsrdə, həmin əsərin 1951-ci nəşrində isə eramızdan əvvəl VII-V əsrlərdə yarandığını, bununla da təxminən 30 illik fərqi olan nəşrdə 500 il saxtakarlıq edildiyi aydın olur. Deməli sonraki nəşrdə erməni etnosunun yaranma tarixi daha da “qədimləşdirilmişdir”.

Lakin bir məsələni onlar təhrif edə bilmirlər: erməni etnosunun yaranması Kiçik Asiyanın şərq hissəsi ilə “Hayas ölkəsi” ilə əlaqələndirilir, onların Qafqazdan kənarda təşəkkül tapdığını “Hayas tayfa ittifaqından erməni xalqı başqa şeylərlə yanaşı öz-özünə verdiyi “hay adını da götürmüşdür. Onların tutduqları ərazi Hayk və ya Hayastan kimi məşhur oldu”.

Onların qonşuluğunda yaşayan midiyalıları armenlər, ermənilər, ərazilərini isə “Armeniya”, Ermənistan adlandırdılar. Ermənilərin öz-özünə verdikləri “armyane” sözünün “erməni” sözündən əmələ gəldiyini iddia edirlər.

“Ermənilər qıpçaqların qollarından biridir. VII-IX əsrlərdə Qafqaza gələrək haylar qıpçaqlarla ittifaq yaratmışlar. İndiyə qədər də erməni adlanırlar... İkinci erməni yalanının izah olunması kontekstində diqqət cəlb edən məqam ermənilərin “tarixi Ermənistan adlanan əraziyə və ya yarımdünyaya iddialarıdır”.

Yaxşı ki, dünyada erməni yalanlarına qarşı çıxan tarixi və elmi həqiqətə öz töhfələrini verən görkəmli alimlər vardır. Bunlardan biri də Erix Fayqldır. Erix Fayql yazır:

“Anadolu çox hökmdarları: ikibaşlı qartallı hetləri, farsları, Makedoniyalı İskəndəri, yunanları, romalıları, bizansları, ərəbləri, məmlükləri və nəhayət səlcuqları və osmanlıları görmüşdür. Onlar bütün Şərqi Anadoluda “Armeniya” tarixi regionunu, “armyan” etnoniminə heç bir dəxli olmayan regionu idarə etmişlər. Həmin “armyanlar” özləri-özlərini “hay” adlandırırlar və Balkandan gəlmişlər. Hay xalqı heç vaxt bu bölgədə əhalinin əksəriyyətini təşkil etməmişlər”.

Bununla bərabər E.Fayql Urartu və ermənilərin yaxınlığına, onların dilləri məsələsinə də toxunaraq yazır:

“İndi dəqiq müəyyənləşmişdir ki, Urartu dili Asiya dillərindən əmələ gəlmişdir. Türk dili kimi, o da aqqlütinativ dillər qrupuna aiddir. Dilçilər belə hesab edirlər ki, hürritlər Anadoluya Mərkəzi Asiyanın dağlarından və çöllərindən gəlmişlər. Urartular da həmin yerlərdən gəlmiş və təxminən eramıza qədər üçüncü minilliyin ortalarında onlar hürritlərdən ayrılmışlar. Bu gün biz inanırıq ki, bir tərəfdən hürrit və Hind-Avropa dil ailəsinə məxsus erməni dili ilə urartu dili arasında heç bir əlaqə yoxdur. Yalnız buraya ermənilər köçdükdən sonra Urartu dilinin ayrı-ayrı elementləri istisna oluna bilər. Erməni dili Hind-Avropa dillər ailəsinin “satemn” qrupuna aiddir, eyni zamanda Urartu dillərində olduğu kimi yeni sözlər köklərə suffikslərin əlavə edilməsi yolu ilə əmələ gəlir”.

Deməli, buradan belə çıxır ki, “Armeniya” anlayışı türkcə “Erməniyə” sözünün əvəz olunmasıdır. Guya ermənilərə məxsus “qədim Armeniya” olmamışdır. Urartuya gəldikdə isə belə dövlət mövcud olmuş, ançaq ermənilərlə həmin dövlətin heç bir əlaqəsi olmamışdır.

Strabon Şərqi Anadoluda Van gölunun ətrafında Armeniya adlı kiçik bir ərazinin mövcud olduğunu əhalisinin yerli sakinlər olduğunu və onların armane adlandığını göstərmişdir. Firiqiya tayfalarının bir qolu olaraq hayların buraya köçməsi, yerli sakinlərə qoşularaq onların da erməni adlanması qeyd edilir.

Sonralar erməni saxta mənbələri (Fovet Buzand “Erməni çoğrafiyası”), müasir erməni saxta tarixşünaslığı (S.T. Yeremyan, K.V. Trever) güya qədim Armeniyanın Albaniyanı, Aderbayqanı və İveriyanı işğal nəticəsində Böyük Armeniyanın yarandığını iddia edir. Qədim dövrlərdən “özgə torpaqlarına iddia ənənəsi və tarixi təxribatçılıq öz mövqeyini möhkəmləndirmiş və Böyük Armeniya çoğrafi anlayışını yaratmışdır”.

Vahid Ömərov

f.ü.f.d,dosent

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə