Depressiyanı azaltmağa hansı qidalar kömək edə bilər? - EKSPERT AÇIQLADI

"Depressiyaya birbaşa səbəb olan xüsusi bir qida olmasa da, bəzi məhsullar beynin kimyəvi balansına, hormonlara və stress reaksiyasına mənfi təsir göstərərək əhvalın pisləşməsinə şərait yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Seymur Qafarov deyib.

Onun sözlərinə görə, şəkərli və yüksək dərəcədə işlənmiş qidalar – kola, tortlar, bulkalar, hazır desertlər kimi məhsullar qanda şəkəri sürətlə qaldırıb sonra kəskin şəkildə salır:

"Bu isə enerji düşkünlüyü, əsəbilik və əhval pozuntusuna gətirib çıxara bilər. Bundan əlavə, iltihabı artıraraq depressiya riskini yüksəldə bilər. Fast fud və trans yağlar beynin serotonin fəaliyyətinə mənfi təsir göstərir. Bu məhsullar balanssız qidalanmaya səbəb olaraq əsəbilik, gərginlik və yorğunluq yarada bilər. Həddən artıq kofein, çoxlu qəhvə, enerji içkiləri və ard-arda içilən “espresso shot”lar yuxu rejimini pozur. Yaxşı yuxu isə depressiyanın qarşısını almaqda əsas amillərdən biridir. Kofeinin yüksək dozası həmçinin narahatlıq və panikaya bənzər hisslər yarada bilər. İşlənmiş ət məhsulları yəni sosiska, kolbasa, salam və hisə verilmiş ətlər nitrit və duz baxımından zəngindir. Bu maddələr iltihabı artırır və uzun müddətdə əhval dəyişikliyinə səbəb ola bilər. Bundan əlavə, ağ undan hazırlanmış məhsullar – ağ çörək, makaron və şirniyyatlar qan şəkərində sürətli dəyişikliklər yaradır. Bu isə emosional dəyişkənlik və qıcıqlanma ilə nəticələnə bilər. Üstəlik, qida dəyəri aşağı olduğundan vitamin və mineral çatışmazlığına səbəb ola bilər. Depressiyanı azaltmağa kömək edən qidalar da var. Omega-3 mənbələri (balıq, qoz, çia toxumu), tam taxıllar, yaşıl yarpaqlı tərəvəzlər, 60–70% kakaolu bitter şokolad, fermentasiya olunmuş qidalar (kefir, qatıq) və B12 ilə D vitamini baxımından zəngin məhsullar əhvalın balanslaşmasına müsbət təsir göstərə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə