UNICEF, Avropa İttifaqı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən Ağcabədi rayonunda fəaliyyət göstərən GTM Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb. SİA-nın məlumatına görə, UNİCEF-in məlumatında qeyd edilir ki, mərkəzin xüsusi rejimdə fəaliyyət göstərdiyi müddətdə müraciətlər elektron qaydada və mobil zənglər vasitəsilə qeydə alınaraq mərkəzin sosial işçilərinə yönləndirilir.
Mərkəzə daxil olan müraciətlər arasında əsasən sosial müavinətlər, əlilliyin rəsmiləşdiriməsi, aliment tələbinin yerinə yetirilməməsi, əlil arabaları və digər avadanlıqlara olan ehtiyacın təmin edilməsi, sağlamlıq imkanları məhdud (SİM) uşaqların reabilitasiya proqramlarına cəlb olunması kimi müraciətlər üstünlük təşkil edir.
Bütün müraciətlər sosial işçilər tərəfindən “Elektron keys menecment” sisteminə daxil edildikdən sonra, uşaqların valideyinləri psixoloq, pedaqoq və uşaq inkişafı mütəxəsisləri tərəfindən elektron qaydada müxtəlif reabilitasiya proqramlarına cəlb edilir və onları maraqlandıran suallar cavablandırılır.
Yalnız xüsusi risk qrupuna aid ailələrin müraciətləri daxil olduqda sosial işçilər tərəfindən ailələrə səfər edilərək səyyar xidmətlər təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə