Ağcabədidə çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

Bu gün Ağcabədi rayonunda təntənə ilə keçirilən yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyəti, icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərb quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb. Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu diqqətə çatdırıb.

SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ramil İsmayılov hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edərək onlara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmələrini və hərbi bilikləri mükəmməl öyrənməyi tövsiyə edib.

Çağırışçı Fərid Hüseynovun babası Ədalət Hüseynovun çıxışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, nəvəsini və hərbi xidmətə yollanan gəncləri təbrik edərək bu günün onlar üçün əlamətdar olduğunu vurğulayıb, çağırışçılara nümunəvi xidmət etməyi, Azərbaycan əsgəri adını şərəflə daşımağı arzulayıb.

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağcabədi rayon filialının sədri İsmayıl Məhərrəmov xalqımızın qəhrəmanlıq ənənələrindən danışıb, hərbi xidmətə yola düşən gənclərə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş vətən övladlarından nümunə götürməyi tövsiyə edib.

Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Fərid Xankişiyev Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduğunu bildirib.

Mərasimin sonunda gənclər Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə