"Dədə Qorqudun məzarının Dərbənddə olmasına şübhə etmirəm"

Qürur hissi keçirirəm ki, ulu öndər Heydər Əliyev “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyini keçirərkən bu barədə mövqeyimi bildirmişəm və “Dədə Qorqud dünyası” adlı fundamental tədqiqat toplusunda Ulu Öndərin giriş sözündən sonra mənim “Milli varlığımızın mötəbər qaynağı” adlı məqaləm ikinci sırada gəlir. Bununla belə Dədəmiz Qorqud və Bayat elinin Dərbənddəki izləri ilə bağlı öyrənilməyən məsələlər çoxdur və bunlar məni narahat edir.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AZƏRTAC-a açıqlamasında deyib. Dədə Qorqudun məzarının Dərbənddə olmasına şübhə etmədiyini vurğulayan Yaqub Mahmudov bildirib: “XVII əsrdə səyyahlar Adam Oleari və Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu öz yazılarında qeyd ediblər. Adam Oleari bu barədə belə yazıb: “Biz Dərbənddən dörd mil uzaqlaşdıq və üzümlüyün yanında məskunlaşdıq... Burada biz daha iki müsəlman müqəddəsinin qəbirlərini gördük. Bunlardan biri – Pir Muxtarınkı düzdə, digəri – İmam Qorqudunku dağda idi. Onun qəbri dağda sal qayada oyulmuş böyük mağaradan ibarətdir. Qəbir dörd taxta ilə örtülüb. Lap arxada, yerdən iki qulac hündürlükdə deşikdən bu qəbir son dərəcə miskin bir mənzərə yaradır və onu hamı görə bilir. Dünən mən oraya girdim, hər şeyi diqqətlə müşahidə etdim və heç bir bəzək-düzək görmədim. Bir qarı qəbiri mühafizə edirdi. O, axşamlar qəbirin üstündə çıraq tutur... Növbəti gecə düşərgəmizdə bu dəfn yerində, eləcə də qırx müqəddəslərin dəfn olunduğu yerdə əylənən, rəqs edən və hətta ağlayan insanlardan gələn fəryad səslərini eşitdik”.

Övliya Çələbi isə bunları qeyd edib: “Dərbənddə Dədə Qorqud ziyarətgahı: Ulu sultandır. Cümlə Şirvan xalqı bu sultana etiqad edir”.

Ötən əsrin 60-cı illərində bu iki səyyahın araşdırmaları məni dərindən maraqlandırdığı üçün o zamankı yazılarımda Dədə Qorqud və onun bağlı olduğu Bayat elinin Dərbənd tarixi ilə sıx bağlı olduğunu araşdırmaq üçün dəfələrlə bu şəhərə səfər etmişəm. Həm dədəmiz Qorqudun, həm də Bayat elinin Dərbənddə qalan izlərini araşdırmağa cəhd etmişəm. Elmi tədqiqatlarımda da səyyahların Dərbəndlə bağlı məlumatlarına və onların araşdırılmasına geniş yer vermişəm. Bu günlərdə həmkarlarımla - dosent Şahlar Şərifov, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, ərəbşünas tədqiqatçı alim, dosent Gülnur Mahmud ilə birlikdə Dərbəndə səfərimin məqsədi də bu idi”.

“Dərbənd Dövlət Tarix Muzeyi-Qoruğunun direktoru Əli İbrahimov və “Dərbənd şəhərinin ensiklopediyası” kitabının müəllifi Hüseynbala Hüseynovun köməyi ilə həm Adam Olearinin, həm də Övliya Çələbinin qeyd etdikləri İmam Qorqud ziyarətgahının yerini - Dədə Qorqudun dəfn olunduğu qayadakı məzarın yerini ilkin olaraq müəyyənləşdirə bildik. Adam Oleari araşdırmalarında qeyd edir ki, Dədə Qorqud Məhəmməd peyğəmbərlə dost olub. Əlbəttə, son iki yüz il ərzində yaddan çıxarılmış, lakin vaxtilə bütün Dərbənd əhalisinin ən gur ziyarətgah yeri olan İmam Qorqud ziyarətgahı demək olar ki, nə üçünsə unutdurulmuşdur”, - deyə akademik qeyd edib.

Tarixçi alim vurğulayıb ki, Dədə Qorqudun mənsub olduğu Bayat eli qədim Dərbəndin iç qalasında yaşamış ən qədim türk elatlarından biridir: “Məlum oldu ki, iç qalada qədim türklərin 9 məhəlləsi (mahal) olub. Bu məhəllələrdən birində - 3-cü məhəllədə bayat tayfası yaşayıb. Bu məhəllə Bayat məhəlləsi (mahal) adlanır. Bu mahalda Bayat ocağı adlı ziyarətgah, Bayat bulağı mövcud olmuşdur. Bu bulaq indi də qalır. Bu məhəllədən cənuba – Azərbaycana doğru məşhur “Bayat qapısı” açılır. Səfərimiz zamanı məlum oldu ki, Bayat məhəlləsində ayrıca Bayat məscidi, “Bayat qapısı”nın önündə isə Bayat kəndi mövcud olub. Bütün bunlar tariximizdə mühüm rol oynayan bayat tayfasının ilk ocağının Dərbənddə olmasının sübutudur. Dədəmiz Qorqud, dahi Füzuli və bir çox saz-söz ustadlarımız, böyük diplomatlar Hüseynəli bəy Bayat və Oruc bəy Bayat bu tayfaya mənsub olub. Əbəs yerə deyildir ki, bizim xalq ədəbiyyatımızda bu diyar “Dəmirqapı Dərbənd” adlandırılır”.

Akademik bildirib: “Qırxlar qəbiristanlığındakı silindirvari daş qəbirlər, Dərbənddəki Nizami Gəncəvi adına parkda tikinti aparılarkən ortaya çıxan eyni cür qəbirlər düşündürücü materiallardır. Beş günlük səfər zamanı qədim Dərbəndin Bayat ailələri ilə tanışlıq, onların məişəti, əsilzadə şəhər mədəniyyətinə məxsus adət-ənənələri, mətbəxləri, bu şəhərə bağlı olan misilsiz sevgilərini gördük, xüsusilə Prezident İlham Əliyevin Rusiya ilə strateji tərəfdaşlıq siyasətinin dərbəndlilər tərəfindən böyük sevinclə qarşılanmasının şahidi olduq və bu, axtarışlar zamanı bizim ezamiyyətin uğuruna müsbət kömək göstərdi. Buna görə bizə təsirli yardım göstərən bütün dərbəndli soydaşlarımıza, xüsusən də Dərbənd Dövlət Tarix Muzeyi–Qoruğunun direktoru, “Dərbənd – açıq səma altında muzey” kitabının müəllifi Əli İbrahimova dərin minnətdarlığımızı yetirməyi özümüzə borc bilirəm. Əziz Əliyevə Dağıstan xalqları arasında dərin ehtiram hissinin hələ də yaşadılması bizə olduqca xoş təsir bağışladı. Bütün Samur vadisinə etdiyimiz səyahət, Şalbuzdağ ziyarətinə, Mahaçqalaya səfərimiz, dağıstanlı dostlarımızın Azərbaycanın ünvanına göstərdikləri sevgi və qayğı, isti münasibət xatirimizdə dərin iz buraxdı. Bu elmi ezamiyyət eyni zamanda Azərbaycanla qədim və şanlı tarixi dostluq əlaqələri olan Dağıstan xalqlarına bir elmi töhfə vermək arzumdan doğdu. Həm də ürəkdən bağlı olduğum Dərbənd barədə tədqiqatların gələcəyini davamçılarım olan Şahlar Şərifov, Rəşad Mustafa və Gülnur Mahmuda Bayat ocağındaca əmanət etdim. Əslində ezamiyyətimin əsas səbəblərindən biri də elə bu idi”.

Akademik Yaqub Mahmudov ictimaiyyətə Dədə Qorqudla bağlı təkliflərini çatdırıb: “Düşünürəm ki, Dədə Qorqud ziyarətgahında qazıntı işləri aparılmalı və Bayat eli, bu elin tarixi, müasir durumu, adət-ənənələrinin araşdırılması davam etdirilməlidir. Bu araşdırmalara Dərbənd Dövlət Tarix Muzeyi–Qoruğunun əməkdaşları cəlb olunmalıdır. Azərbaycan-Rusiya sərhədində dostluq qalası olan Dərbənddə dünya ədəbiyyatında xüsusi yeri olan qəhrəmanlıq eposunun yaradıcısı Dədə Qorqudun abidəsi ucaldılmalı və bu abidə iki ölkə arasındakı tarixi dostluq əlaqələrinin keşiyini çəkməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə