İcra başçısı: “Xırdalan üçün tarixi bir hadisədir”

Bu gün "Absheronxeber.az" saytının 5 yaşı münasibəti ilə Xırdalan şəhərində tədbir keçirilib. Şəhərin Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi, media nümayəndələri, o cümlədən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova da iştirak edib.

Tədbiri giriş sözü ilə açan İradə Gülməmmədova "Absheron.az" saytının ərsəyə gəlməsindən danışıb: "Bu saytın ərsəyə gəlməsində ilk öncə saytın baş redaktoru Şamo Əliyevə minnətdarlığımı bildirirəm. O, xəbər portalında rayonda aparılan abadlıq işlərini, dövlət əhəmiyyətli tədbirlərin və sıra işləri işıqlandırır. Necə deyərlər Abşeronu mətbuatda təmsil edir. Biz də öz növbəmizdə ona dəstək oluruq, lazımı köməkliyimizi edirik".

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova çıxışında son illərdə rayonda görülən işlərdən də danışdı: “Abşeron rayonu qədim ənənələrə, qədim köklərə malik bir rayondur. Bu gün rayonumuzun 500 min nəfərdən artıq əhalisi var. Rayonumuz həm kənd təsərrüfatı rayonu kimi, həm də sənaye rayonu kimi inkişaf edir və öz əhalisinə xidmət göstərir. Rayonumuzda istər təhsil, istər səhiyyə, istər mədəniyyət sahəsində, istərsə də digər sahələrdə infrastruktur sürətlə inkişaf edir, böyük quruculuq işləri aparılır. Bütün bu işlər cənab prezidentin göstərişi əsasında həyata keçirilir. Qeyd etmək istərdim ki, son 12 il ərzində rayonumuzda 50-dən çox məktəb və uşaq bağçası tikilərəək istifadəyə verilib. Bütün qəsəbələrimizdə yeni səhiyyə məntəqələri də tikilərək əhalinin istifadəsinə verilib. Hündürmərtəbəli binaların sayı artıb, abadlıq işləri aparılıb, infrastrukturla bağlı xeyli işlər görülüb. İstər qaz, istər su, istərsə də kanalizasiya xətləri ilə bağlı müəyyən layihələr həuyata keçirilib. Bu gün də həmin layihələr davam edir”.

İradə Gülməmmədova rayonda həyata keçirilən layihələr haqqında da məlumat verdi: “Bildiyiniz kimi, Xırdalan şəhəri çox qədim şəhərdir. Oranın su-kanalizasiya sistemi ötən əsrin 50-60-cı illərində çəkilib və o zaman Xıradalanda 10-15 min nəfər əhali yaşayırmış, onların tələbatın uyğun hesablanmışdı. Hazırda isə qeyri-rəsmi rəqəmlərə görə, Xıradalanda 200 min nəfərə yaxın əhali yaşayır. Qeyri-rəsmi ona görə deyirəm ki, əhalinin siyahıya alınması gələn il yenidən keçiriləcək və bu rəqəm çox güman ki, orada öz əksini tapacaq. Hazırda isə Xırdalanda 200 min nəfərə yaxın əhali yaşayır, bu isə o deməkdir ki, əvvəlki kanalizasiya xətləri hazırki tələblərə cavab vermir. Bu gün şəhərdən çirkab sularının çıxarılması ilə bağlı köhnə xətlər artıq öz dövrünü başa vurub. Buna görə də, cənab prezidentin sərəncamı ilə “Azərsu” ASC-yə maliyyə ayrılıb, həmin maliyyə əsasında artıq Xırdalanda iki il müddətində böyük bir su-kanalizasiya sistemi çəkiləcək. Bu xətlər hər bir küçəyə qədər davam etdiriləcək. Məlumat üçün bildirirəm ki, artıq bu işə başlanılıb, davam etdirilir. Bu barədə əhaliyə də məlumat vermişik. Çünki su-kanalizasiya xətləri çəkilərkən yollarda müəyyən qazıntı işləri aparılmalı olur. Layihə başa çatdırıldıqdan sonra həmin küçələrin abadlıq işləri də həyata keçiriləcək. Ona görə də, şəhərin müəyyən küçələrində, prospektlərində qazıntı işləri aparıla bilər. Mart ayında isə ən böyük prospekt olan Heydər Əliyev prospektində qazıntı işləri aparılacaq. Biz müəyyən problemləri nəzərə alaraq hələ ki, bu qazıntını saxlamışıq. Su və kanalizasiyha xətlərinin çəkilişi hissə-hissə davam etdirildikdən sonra, harada işlər yekunlaşıbsa həmin yerlərdə abadlıq işləri aparacağıq. Bu çox böyük bir layihədir, hətta deyərdim ki, Xırdalan üçün tarixi bir hadisədir. Gələcəkdə əhali üçün böyük bir üstünlük olacaq”.

İcra başçısının sözlərinə görə, bu cənab Prezidentin Abşeron əhalisinə böyük diqqət və qayğısının nəticəsidir: “İşıqla bağlı da əvvəllər müəyyən problemlərimiz var idi, gərginlik çox aşağı idi. Artıq üç yarımstansiya tikilib. Masazırda, Qobuda, Aşağı Güzdək ərazisində tikilib istifadəyə verilib. Artıq kənd və qəsəbədaxili xətlərin dəyişdirilməsi ilə bağlı işlər görülür. Çox şükür ki, biz bu qış elə də böyük çətinlik yaşamadıq. Yeni tikilən yarımstansiyaların sayəsində əhalinin elektriklə təminatındakı problemlər aradan qalxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə