Zahid Oruc: "Arzu edirəm ki, bu birlik üzvləri gələcəkdə Dağlıq Qarabağla bağlı qətnamələrə səs versinlər" - MÜSAHİBƏ

Millət vəkili Zahid Orucun SİA-ya müsahibəsi

 

- İstambulda keçirilən Türkdilli Ölkələrin Liderlərinin Sammiti, türk birliyinin yaranması bura daxil olan ölkələr üçün nə vəd edir?

- Türkdilli ölkələrin liderləri arasında keçirilən bu toplantı xüsusi önəm daşıyır. Gələcək zamanda burada qəbul olunan qərarlar özünün əhəmiyyətli olduğunu göstərəcək. İlk növbədə inteqrasiyanın dərinləşməsi daha fəal əməkdaşlıq üçün mexanizmlərin yaradılması baxımından ələmatdar hadisə kimi tarixə düşəcək. Belə hesab edirəm ki, Azərbaycanın xüsusi olaraq bu inteqrasiya prosesində mühüm rol oynaması və iqtisadi, siyasi təşəbbüslər vasitəsilə bu dövlətlərin bir araya gəlməsini təmin etməsi sübuta yetirib ki, bizim ölkə türk dünyasının yaxınlaşmasında və onun regional və beynəlxalq siyasətdə fəal iştirak etməsində son dərəcə maraqlıdır. Bu əlbəttə ki, öz-özlüyündə həm bura daxil olan dövlətlərin iqtisadi, mədəni, siyasi həyatına töhfə verməklə yanaşı, eyni zamanda beynəlxalq siyasi düzənə, proseslərə təsir göstərəcək bir formata çevriləcək. Keçmişdə bu ölkələrin yaxınlaşmasına mane olan, qısqanclıq törədən və bir sıra hallarda təzyiqlərlə müşahidə olunurdu. Onun üçün də bu ölkələrin bir araya gəlməsində bir çox inamsızlıq və şübhə qalmaqda idi. Xüsusən də regiondakı əsas söz sahiblərinin nəyin bahasına olursa-olsun bu ölkələrin yaxınlaşmasına, onların tarixi əlaqələrinin təkrar siyasi dövriyyəyə çıxmasına zərbə vuracaqlarından bəhs edirdilər. Artıq görünür ki, bu maneələr dəf edilib. Hər hansı bir formada ölkələr regional birliyə çevrilmək üçün strukturlaşma istiqamətində ciddi addımlar atmaqdadırlar. Sammit çərçivəsində əlaqələndirmə şuralarının yaradılması müxtəlif səviyyələrdə, vəzifələri, funksiyaları özündə daşıyan formada, həm də bütövlükdə xalqın iştirakını təmin edəcək elementlərdə mövcuddur. Bununla da bilavasitə siyasi idarəetmə mexanizmləri də yaradılmış olur. Artıq türkdilli ölkələr regional birlikdir. Dünyada bu cür müxtəlif formatda əməkdaşlıq mexanizmləri yaradılıb. Mən hesab edirəm ki, birlikdə belə mexanizmlərdən biridir. Bu birlik ora daxil olan ölkələrin həm problemlərinin həllində birgə hərəkət etməyə imkan verəcək, xarici siyasət məsələlərində ayrı-ayrı hallarda bir-birilərinin müdafiə etməsinə gətirib çıxaracaq. Həmçinin də xalqların daha artıq yaxınlaşmasına və mədəni-tarixi münasibətlərinin yenidən bərpa olunmasına şərait yaradacaq.

 

- Azərbaycanın türkdilli ölkələrlə sıx münasibət qurması Rusiyanı qıcıqlandırmaq üçün əsas vermirmi?

 

- Düşünürəm ki, Rusiya Türkiyənin yer aldığı bu quruma normal münasibət bəsləyəcək. Çünki sözügedən ölkənin Türkiyə ilə çox böyük iqtisadi əlaqələri formalaşmaqdadır. Tarixdə baş vermiş müharibələrə yer ayırmadan, o dövrün əhval-ruhiyyəsini təkrar gündəmə qaytarmadan, Türkiyənin regionda aktiv rolunu tanıyaraq münasibətlər formalaşdırmalıdır. Bu, heç bir halda Rusiya və İran üçün təhlükə törədən bir birlik deyil. Onun gələcək planlarında kimlərinsə ərazilərini ələ keçirmək məqsədləri dayanmır. Artıq dərəcədə əksinə bu birlik regionda əməkdaşlıq tendensiyalarınımn yüksəlməsi və təcavüzü stimullaşdıran proseslərin qarşısının alınması bu birliyin əsas hədəfi olacaq. Arzu edirəm ki, bu birlik üzvləri gələcəkdə Dağlıq Qarabağla bağlı qətnamələrə səs versinlər, beynəlxalq birlikdə vahid mövqedən bu məsələ üzərində hərəkətdə olunsunlar. Eyni zamanda, onların da problemlərinin, müxtəlif məsələlərinin həllində Türkiyə və Azərbaycan aktiv olacaq. Bu ölkələrin əməkdaşlıq tendensiyalarının dərinləşməsi müxtəlif problemlərin ortaq bir məsələyə çevirmək imkanları açır. Dağlıq Qarabağ münaqişəsinin bütün türk dünyasının problemi olduğunu qeyd edirdik. Bununla öz problemimizi başqalarının üzərinə qoymurduq, amma mənəvi-siyasi öhdəlik səviyyəsində addımlar da istənilirdi. Artıq türk birliyinin daha fəal səviyyəyə gəlib çatması ilə dediyimiz hadisənin şahidi olacağıq. Heç bir halda bu qurumun başlıca məqsədində regionda türk amillərini gücləndirərək bölgədə başqa ərazi iddialarında bulunma və tarixdə müxtəlif xəritələr üzərində hərəkət etmək niyyətləri yoxdur.

 

- Türk birliyinə daxil olan ölkələr həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrdi. Bu ölkələrin Həm Azərbaycan həm Ermənistanla əməkdaşlıq etməsi Dağlıq Qarabağ münqaşisinin həllinə maneçilik yaratmayacaq?

- Hesab edirəm ki, həmin ölkələrin hər hansı bir ehtimalı bu prosesdən münaqişənin silahlı vasitələrlə həll olunacağı ehtimallarında ən azı neytral qalmasına, yaxşı halda isə Azərbaycanın mənəvi-siyasi cəhətdən müdafiəsinə aparıb çıxaracaq. Mən belə düşünmürəm ki, bu birlik həmən hərbi qüvvələrinin, əməkdaşlığının formalaşması üçün addımlar atacaq. Amma siyasi əməkdaşlıq formatı formalaşıb və bu o deməkdir ki, həmin ölkələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının istənilən öhdəliyinə qarşı başqa bir arqumentlər qoya biləcəklər. Özbəkistan, Türkmənistan və ya Qazaxıstana da bəllidir ki, Azərbaycan əraziləri işğal olunub və biz KTMT-da əsas yer alan şərtə qarşı çıxmırıq. Yəni biz Ermənistanla mübarizə apararkən İrəvana gedib çıxmaq və tarixi əraziləri qaytarmaq məsələsini ortaya qoymuruq. Söhbət öz ərazi bütövlüyümüzdən gedir. Biz özümüzə məxsus olan lakin Ermənistanın işğalı altında olan torpaqlarımzı geri qaytarmaq istəyirik ki, bu da KTMT-nın şərtlərinə heç bir halda zidd deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə