Səbaildə Çernobıl qəzasının ildönümü anıldı FOTO

Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur. Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranan radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürüyüb, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləyib.

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşü keçirilib.

Tədbirin əvvəlində Çernobıl qəzasına həsr olunan film nümayiş etdirildi.

SİA-nın məlumatına görə, mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub:" Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Ukrayna və Belorusda 300 min nəfər öz yaşayış yerlərini tərk ediblər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüblər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 31 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər".

İcra Hakimiyyətinin başçısı həmçinin qeyd edib ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb:"Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılıb, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sosial sahədə həyata keçirdiyi işlər sayəsində Çernobıl qəzasında zərər çəkən şəxslərində şəraitinin yaxşılaşdırılmasına səbəb olacaq".

Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son illərdə rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 5 nəfər minik avtomobili ilə təmin olunmuş, 58 nəfər sanatoriyaya göndərilmiş, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılıb. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması və Bakı şəhərində Çernobılçular üçün yaşayış binasının tikintisinə qərar verilməsi Çernobıl əlilləri tərəfindən müsbət qarşılanıb. Çernobılçular dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə