Erməni hərbçilərin hədəfi yaşayış evləri - FOROLAR

Bu günlərdə erməni hərbçilərinin hədəfindəki yaşayış məntəqələrindən biri də Ağdam olub. Rayonun Sarıcalı, Zəngişalı, Evoğlu, Əfətli və digər kəndləri minaatanlardan və ağır artilleriyadan davamlı atəşə məruz qalıb. Rayonda bir məktəb, 21 ev dağıdılıb, 1 mülki şəxs həlak olub, 8 nəfər yaralanıb.

Sarıcalı kəndinə atılan mərmilərdən biri orta məktəb binasına düşərək onu dağıdıb. Xoşbəxtlikdən həmin gün uşaqlar məktəbdə olmayıb. Məktəbin müəllimi Xanlar Fatayev düşmənin bilərəkdən mülki obyektləri vurduğunu deyir: "Mənim evim məktəbin yaxınlığında yerləşir. Yaxşı ki, həmin gün məktəbdə dərs olmayıb. Yoxsa, çox böyük fəlakət baş verə bilərdi. Heç nədən qorxmuruq, ordumuza və dövlətimizin başçımıza güvənirik".

Kənddə mərmi düşən bir evdə olduq. Evin sahibləri deyirlər ki, təsadüf nəticəsində sağ qalıblar. Bu insanların evi 1993-cü ildə də top atəşi nəticəsində dağıdılmışdı. Lakin ev sahibləri qorxub çəkinmədən burada yaşamaqda davam edirlər .

Zəngişalıda, Evoğluda, Əfətlidə gördüyümüz evlərin hamısı ağır artilleriya atəşləri nəticəsində yararsız hala düşüb. İki ev isə partlayışdan sonra tamamilə yanıb. Nəvai Əmrahov böyük zəhmət hesabına tikdiyi evin bir anda külə döndüyünü bildirir.

Yanan digər evin sahibi Fəzail Əliyev deyir: "Mərmilər yağış kimi yağırdı. Göz açmağa imkan yox idi. Başımıza bu hadisə gəlsə də, ordumuzun irəliləməsinə çox sevinirik".

Əfətli kəndinin sakini Rafiq Quliyevin həyətinə iki mərmi düşüb. Onlardan biri evin yanında partlayıb. "İki dəqiqə olardı evdən çıxdığım. Ev partlayış dalğasından və qəlpələrdən dağıldı", – deyə R.Quliyev hadisəni təsvir edir.

Ağdam Rayon İcra Hakimiyyətindən cəbhə xətti boyunca yerləşən kəndlərdə zərər dəyən evlərin siyahısının tərtib edilərək sakinlərə kömək göstəriləcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...