Prezidentə cəbhədə döyüşmək üçün məktublar ünvanlanır

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

***

Hörmətli dövlət başçımız.

Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrinə endirdiyi sarsıdıcı zərbələri qürur və sevinclə izləyirik. Mən də oğlumla birlikdə Azərbaycana gəlib ikinci Vətənimiz üçün döyüşməyə hazırıq.

Allahdan şəhid olan azərbaycanlı qardaşlarıma rəhmət diləyirəm. Qarabağdakı qələbələrin davamlı olmasını arzu edirəm. Türkiyədəki qardaşlarınızın duaları sizinlədir. Azərbaycana canımız fəda olsun.

Hörmətlə,
Sarı Ünal İsmet oğlu
Türkiyə Respublikası, Uşak şəhəri

***

Hörmətli Azərbaycan Prezidenti.

Əslən Azərbaycan Respublikasındanam, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşam. Hazırda Rusiyada yaşayıram və bu ölkənin vətəndaşıyam. Bilirəm ki, Sizin sayənizdə bizim çox qüdrətli, peşəkar və yaxşı silahlanmış ordumuz var. Mən ordumuzla və onun döyüşçüləri ilə qürur duyuram. Buna baxmayaraq, diqqətinizə çatdırmaq istəyirəm ki, dövlətimizin hüdudlarından kənarda bizlər - döyüşməyi və düşmən arxasında kəşfiyyat-diversiya əməliyyatları aparmağı bacaran keçmiş hərbi zabitlər də var.

Cənab Prezident, bu müqəddəs müharibədir və biz bu müharibədə iştirak etməliyik. Torpaqlarımızın işğalçılardan azad edilməsi bizim üçün böyük şərəfdir. Yaşasın Azərbaycan! Azərbaycan döyüşçülərinə eşq olsun! Yaşasın Ali Baş Komandan! Var olsun Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev!

Hörmətlə,
İsayev Əli Eyyub oğlu
Ehtiyatda olan zabit
Rusiya Federasiyası, Kirov şəhəri

***

Əziz Prezidentimiz,

Erməni işğalçılarına qarşı müharibədə iştirak etmək üçün könüllü olaraq Azərbaycan Ordusuna qoşulmaq istəyirəm. Qardaş ölkə olan Azərbaycana canımız fəda olsun.

Yalçın Bülent Arif oğlu
Türkiyə Respublikası, Mersin şəhəri

***

Hörmətli cənab Prezident.

Belarusda yaşayan minlərlə azərbaycanlı növbəti erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərini alqışlayır, sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin düşməndən tam azad olunması xəbərinə sevinir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğunuz qətiyyətli mövqeyi və gördüyünüz işləri daim dəstəkləyirik. Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın haqlı mübarizəsində 25 il davam edən münaqişənin həllinə beynəlxalq hüququn norma və prinsipləri əsasında nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq qurumlar qəti şəkildə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Ermənistandan tələb etməlidir. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır.

Belarusda yaşayan hər bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsinin həllində Sizin yanınızda olmağı, vətənimiz Azərbaycanın işğal edilmiş rayonlarının düşmən tapdağından azad edilməsi üçün lazımı tədbirlərdə yer almağı özünə borc bilir. Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanı dəstəkləyir və daim Cənab Prezidentin yanındadır.

Belarusun "Azərbaycan İcmaları Konqresi"nin üzvləri adından dərin hörmətlə,
Bağırov Natiq, sədr.
Belarus Respublikası, Minsk şəhəri.

***

Hörmətli Prezident.

Sözünüzün üstündə durub torpaqlarımızı işğalçılardan azad etməyə səylər göstərdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm.

Səfərbərlik elan edilsə, mənə bel bağlaya bilərsiniz. Mən səfərbərlik haqqında əmri gözləyirəm, daha oturub xəbərləri izləməyə tab gətirə bilmirəm. Cəbhəyə getmək, torpaqlarımızı azad etmək istəyirəm. Əmim oğlu artıq Azərbaycandadır. O da könüllülərin nə vaxt çağırılacağını gözləyir. Bu dərəcədə qətiyyətli və həqiqətən cəsarətli addıma görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqı Sizinlədir. Əsas məsələ bir addım da geri çəkilməməkdir. Əgər başladıqsa, axıradək getməliyik. Bir daha əmin oldum ki, Siz ən layiqli lidersiniz. Çox sağ olun"

Hörmətlə,
Hacıyev Cövhər Şəhriyar oğlu
Rusiya Federasiyası, Moskva şəhəri

***

Hörmətli Prezident İlham Əliyev.

Azərbaycan Ordusunun ölkənizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədə sizə dəstəyimi ifadə edərək cəbhədə döyüşməyə hazır olduğumu bildirmək istəyirəm. Allahdan sizi hifz etməsini və döyüşlərdə qalib gəlməyinizi arzu edirəm.

Hörmətlə,
Taştan İrfan İbrahim oğlu
Türkiyə Respublikası, Sivas şəhəri

***

Hörmətli Prezident İlham Əliyev.

Mən İstanbulda yaşayıram. Qarabağda hərbi əməliyyatların yenidən başlandığını öyrəndiyim anda Sizə yazmaq qərarına gəldim. Allah sizin köməyiniz olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Cənab Prezident, Türkiyədəki qardaşlarınız son nəfəslərinə qədər sizin yanınızda olmaq üçün əmrinizi gözləyir. Sizi sevirik.

Hörmətlə,
Yılmaz Erdoğan Kazım oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

***

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Evin tək oğlu olmağıma baxmayaraq, könüllü olaraq Səbail hərbi komissarlığına müraciət edib birinci Qarabağ müharibəsində iştirak etmişəm. Mən və döyüş yoldaşlarım yaralansaq da əlillik statusu almamışıq ki, Vətənə lazım olan an yenə də döyüşlərə qoşularaq torpaqlarımızın qaytarılması üçün savaşaq. Müraciətlərimizə baxmayaraq, bizi döyüş bölgələrinə göndərmirlər.

Cənab Ali Baş Komandan, biz Sizin əmrinizi gözləyirik. Sizdən xahiş edirəm, bizim kimi Vətən əsgərlərinin döyüşlərdə iştirak etməyinə göstəriş verəsiniz.

Hörmətlə,
Baş leytenant Elçin Süleymanov
Azərbaycan Respublikası, Bakı şəhəri

***

Hörmətli cənab Prezidentim.

Mən Türkiyənin Van vilayətində polis əməkdaşıyam. Cəbhə xəttində Azərbaycan əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə öyrəndim. Şəhid əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Biz də üzvlərinin əksəriyyəti ermənilər olan PKK terrorçuları ilə mübarizə aparırıq. Bu mübarizədə əsgərlərimiz şəhid olur. Təbii ki, şəhidlərimizin qanı yerdə qalmır. Onlar Vətən uğrunda düşünmədən canlarını qurban veriblər.

Biz Türkiyə Respublikası və türk qardaşlarınız olaraq, hər zaman Azərbaycanın yanındayıq. Sizin də daim bizim yanımızda olduğunuzu bilirik. Türkiyədə olduğu kimi, lazım gəlsə, Azərbaycanda da son damla qanımıza qədər döyüşməyə hazırıq. Türkiyənin və Azərbaycanın gələcəyi parlaq olacaq. Heç bir qüvvə ölkələrimizin əbədi qardaşlığını poza bilməyəcək.

Sözlərimin sonunda həm Türkiyədə, həm də Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyir, xalqlarımıza başsağlığı verirəm.

Ən səmimi hisslərimlə,
Kırbıyık Mücahit Salih oğlu
Türkiyə Respublikası, Van şəhəri

***

Cənab Prezident,

Sizə çox böyük qürur hissi ilə ünvanladığımız məktubla bu günlər yaşadığımız sevincimizi bölüşür, apardığınız müdrik və qətiyyətli siyasətinizi alqışlayırıq.

Cənab Prezident, uzun illərdir ki, 20 faiz Azərbaycan ərazisi erməni faşizminin tapdağı altında inləyir, Vətənimiz yaralı simurq quşuna bənzəyirdi. Amma bu günlər qəbul etdiyiniz qətiyyətli qərar və atdığınız addımlar öz bəhrəsini verməkdədir. Artıq əməlləri ilə bütün dünyaya xeyirxahlıq nuru çiləyən Azərbaycan dövləti düşünülmüş siyasəti ilə qələbə ərəfəsindədir. O qələbəni bütün türk dünyasına yaşadan məhz Sizsiniz, hörmətli cənab Prezident! Tanrı Sizə elə bir qüvvət, qüdrət və kəramət bəxş edib ki, əməllərinizin işığında bütöv bir xalq yaşayır, fəaliyyət göstərir. Elə bir xalq ki, daima şərəf və ləyaqəti uğrunda ölümə mərdliklə sinə gərə bilir. Buna səbəb isə Azərbaycan əsgərinin arxasında dayanan güclü dövləti, dövlətinin başında isə əsl sərkərdənin - Ali Baş Komandanın olmasıdır.

Sizə - Ali Baş Komandanımıza bildirmək istəyirik ki, bu müqəddəs yolda qazanılacaq qələbə Azərbaycanın mübarizlik tarixində ən yüksək zirvəyə çevriləcək. Bu zirvəni fəth edən, qələbə sevincini bizlərə yaşadan isə ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev olacaq. Tanrı bu müqəddəs yolda daim köməyiniz olsun və Sizi bu millətə çox görməsin!

Hörmətlə,
Səbail rayonu, 189-190 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından
Kuliyeva Ceyran Bədrəddin qızı
Azərbaycan Respublikası, Bakı şəhəri

***

Cənab Prezident,

Sizə qətiyyətli və uğurlu siyasətiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

Fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Ali Baş Komandanımız var. Hər zaman Sizinləyik!

Dərin hörmətlə,
Əliyev Orxan Mahir oğlu
Rusiya Federasiyası, Tobolsk şəhəri

***

Hörmətli cənab Prezident İlham Əliyev.

Erməni təxribatçılarına qarşı apardığınız mübarizədə Allahdan sizə yardımçı olmasını diləyirəm.

Bilin ki, erməni işğalçılarına qarşı döyüşlərdə dualarımız sizinlədir. Biz cəbhədə döyüşmək üçün Sizin əmrinizə hazırıq.

Qardaşlarıma salamlarımızı çatdırmağı xahiş edirik. Allah köməyiniz olsun. Əmrinizi gözləyirik.

Hörmətlə,
Şenyüz Bülent Salih oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

***

Hörmətli cənab Prezident, mən Göyçayda doğulmuşam. Ukrayna polisinin polkovnik-leytenantıyam. Vətənim uğrunda, əcdadlarımın Vətəni uğrunda canımdan keçməyə hazıram. Təki torpaqlarımız azad olsun. Bizim yağı düşməndən heç vaxt qorxmayan Dədə Qorqud, Koroğlu nəslindən olduğumuzu ermənilərə göstərməyin vaxtı çatıb. Əmrinizi gözləyirik.

Hörmətlə,
Məmmədov İntiqam Güləli oğlu
Ukrayna, Zaporojye şəhəri

***

Cənab Prezident,

Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar kimi, Gürcüstanda yaşayan azərbaycanlılar da son günlər tarixi vətənimizdə, cəbhədə baş verən hadisələri həyəcanla izləyir, düşmənin layiqincə susdurulması üçün görülən tədbirləri ürəkdən dəstəkləyirik.

Cənab Ali Baş Komandan, mən Kərimov Arif Məhəmməd oğlu Gürcüstanda doğulub boya-başa çatmışam. Artıq səkkiz ildir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin SOCAR ENERJGY GEORGIYA MMC-nin monitorinq üzrə menecer vəzifəsində çalışıram, üç övlad atasıyam. Azərbaycan üçün bu ağır və şərəfli günlərdə doğma vətənimizin düşmən tapdağından azad edilməsi, Qarabağ torpaqlarının işğalçı ermənilərdən təmizlənməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa, bu şərəfli günlərdə soydaşlarımızla çiyin-çiyinə vuruşmağa hazıram.

Allahdan şəhidlərimizə rəhmət, xalqımıza isə yeni-yeni qələbələr diləyirəm!

Dərin hörmətlə,
Kərimov Arif Məhəmməd oğlu
Gürcüstan, Tbilisi şəhəri.

***

Hörmətli cənab Prezidentim.

Evli və bir uşaq atası olmağıma baxmayaraq, Azərbaycanı doğma Vətənim bildiyim üçün haqlı mübarizənizdə ölənədək mübarizə aparmağa hazıram.

Hərbi əməliyyatlarla bağlı Azərbaycanda səfərbərlik elan olunarsa məni də ordu sıralarına qəbul etməyinizi Sizdən xahiş edirəm. Azərbaycanlı qardaşlarımla çiyin-çiyinə döyüşməyi özümə şərəf bilirəm. Allah köməyiniz olsun.

Dərin ehtiramla,
İşık Kürşad Hasan oğlu
Türkiyə Respublikası, Adana şəhəri

***

Azərbaycan Respublikasinin Prezidenti, cənab Ali Bas Komandan.

Sizi Ordumuzun qələbəsi münasibəti ilə təbrik edirəm. Bir azərbaycanli kimi bu qələbəyə çox sevinirəm.

Mən Sankt-Peterburq Dövlət Texnologiya və Dizayn Universitetinin dördüncü kurs tələbəsiyəm. Lazim gələrsə təhsilimi dondurub bir Vətən oğlu kimi Sizin komandanlığınız altinda torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə hər zaman vuruşmağa hazıram. Azərbaycan xalqi yenilməzdir, Azərbaycan torpağı bölünməzdir!

Dərin hörmətlə,
Hacıyev Nahid Aydın oğlu
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri

***

Hörmətli cənab Prezident,

Xalq sahilsiz dənizlər kimi coşub çağlayanda, öz istiqlalı, dövlət müstəqilliyi, milli dirçəlişi və torpaq bütövlüyü uğrunda elliklə ayağa qalxanda, yalın əllə dəmir tanklara sipər çəkib, sinələri ilə odlu güllələri tutanda, qorxuya düşən düşmənlər bu azadlıq ideyalarını boğmaq üçün hər tərəfdən qanlı əllərini vətənimizə tərəf uzadanda və nəhayət, dövlətçilik təcrübəsizliyimizin, habelə daxili satqınlarımızın və xarici düşmənlərimizin fitnəsi ilə "olum və ya ölüm" qarşısında qalanda, Allah ulu öndər Heydər Əliyevi xalqın köməyinə yetirdi. Xalqımız bu bəlalardan xilas oldu.

Bu gün xalqımız yenidən sınaqla, vətənimizin yağı düşmənlə üz-üzə qaldığı bir məqamda Sizin böyük sərkərdə kimi öndə olmağınız, dünyaya və xalqımıza verdiyiniz mesajlar hər bir azərbaycanlının ürəyini dağa döndərir.

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Ətrafımda yüzlərlə iş adamları, ziyalılar və yaxınlarım Sizin apardığınız siyasəti birmənalı şəkildə bəyənir, dəstəkləyir və yanınızda olmaqdan qürur duyur. Bu ahıl çağımda əsgərlərimizlə bir səngərdə olmağı ömrümün mənası hesab edirəm. Vətənimizin düşmən tapdağından azad olunması uğrunda mübarizədə Sizin yanınızda olmağı, Vətənə olan borcu ödəməyi, xidmət etməyi həyatımın mənası sayıram.

Məlumat üçün bildirirəm ki, 68 yaşım var, özüm də hərbi xidmətdə olmuşam. Ətrafımda olan insanlarla birlikdə Sizin əmrinizi gözləyirik.

Dərin hörmətlə və ehtiramla,
Bir qrup ziyalılar adından Aydın Heydərov
Azərbaycan Respublikası, Bakı şəhəri.

***

Hörmətli Prezident İlham Əliyev.

Erməni işğalçılarına tutarlı cavab verdiyiniz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm. Türkiyə Respublikasının vətəndaşı olaraq, bu qətiyyətli mübarizənizi fəal dəstəkləyirəm. Lazım olduqda azərbaycanlı qardaşlarımla bərabər cəbhədə döyüşməyə hazıram. Türkiyədə mənim kimi Vətənimizi qorumaq üçün səbrsizliklə gözləyən və haqlı mübarizənizdə azərbaycanlı qardaşlarımızla birgə canlarını fəda edəcək minlərlə gəncin olduğunu bilməyinizi istəyirəm.

Hörmətlə,
Karapolat Hasan Sakir oğlu
Türkiyə Respublikası, Kırıkkale şəhəri

***

Hörmətli cənab Prezident İlham Əliyev.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan hərbi birləşmələrinin provokasiyalarına qarşı müvəffəqiyyətli hərbi əməliyyatları zamanı qardaşlarımızın həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Biz həmişə vətənimiz Azərbaycanın yanındayıq. Mən Qazaxıstanın Almatı şəhərində yaşayıram. Biz Almatıdan gəlib cəbhədəki qardaşlarımıza qoşulmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz Sizi çox sevirik, Sizə inanırıq. Allah Sizə kömək olsun!

Vətəndən uzaqlarda yaşadığımıza baxmayaraq, qəlbimiz həmişə Azərbaycanla, ölkəmizlə bir döyünür. Allah qardaşlarımıza güc versin və onları qorusun.

Hörmətlə,
Nuriyeva İlhamə İlqar qızı
Qazaxıstan Respublikası, Almatı şəhəri

***

Çox hörmətli Prezidentim.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi olaraq, ermənilərin təcavüzkarlıqları nəticəsində şəhid olan Azərbaycan əsgərlərinin qəlbimizi dağlayan kədəri qarşısında sonsuz üzüntü duyuram.

Ermənilərin işğalçı, qatil düşüncəsinə sahib olmalarına baxmayaraq, Azərbaycan ərazilərini illərdir işğal altında saxlamalarına göz yuman dünyanın son günlər ermənilərin törətdikləri təxribatları səssizcə seyr etməsini ikili standart olaraq dəyərləndiririk.

İnsanlığın üz qarası olan bu xainliyə böyük siyasi qətiyyət göstərərək "atəşkəs" əmri ilə "dur" deyən möhtərəm Prezident İlham Əliyevin soyuqqanlılığının yaxşı başa düşülməsinin vacibliyinə və səbrin də bir həddinin olmasına inamımızla Azərbaycanın kədərini bölüşürük.

Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, yaralananlara şəfa diləyirik.

Hörmətlə,
Akkan Suver, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin baş direktoru
Türkiyə Respublikası, İstanbul şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə