Ermənistan silahlı bölmələrinin 10-a yaxın tankı və xeyli canlı qüvvəsi məhv edilib

Ermənistan silahlı bölmələrinin 10-a yaxın tankı və xeyli canlı qüvvəsi məhv edilib. Yaşayış məntəqələrimizin atəşə tutulması dayandırılmayacağı təqdirdə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verilib. Müdafiə Nazirliyindən verilən məlumata görə , Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir.

Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.

Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin bu istiqamətdə fəaliyyətinin qarşısı alınıb. Düşmən tərəfi eyni zamanda qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizi və hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri də intensiv atəşə məruz qoyub.

Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 137 dəfə atəş zərbəsi endirib

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə