İnsanların təbiətdə istirahət mədəniyyəti ekoloji vəziyyətə necə təsir göstərir? - EKOLOQ DANIŞDI

İnsanların təbiətdə istirahət mədəniyyəti ekoloji vəziyyətə necə təsir göstərir? - EKOLOQ DANIŞDI

"Ətraf mühitə münasibətimiz, əslində, cəmiyyətin mədəniyyət səviyyəsinin göstəricilərindən biridir. İnsanların meşələrdə, dağlıq ərazilərdə, çay kənarlarında və digər təbiət zonalarında istirahət etməsi həm fiziki, həm də psixoloji sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Lakin bu istirahət ekoloji məsuliyyət hissi ilə müşayiət olunmadıqda təbiətə ciddi ziyan vurur".

Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, son illər ekoturizmin və təbiət qoynunda istirahətin populyarlığının artması ilə yanaşı, bəzi ərazilərdə məişət tullantılarının çoxalması, meşələrin çirklənməsi, yanğın riskinin yüksəlməsi, bitki örtüyünün məhv edilməsi və canlı aləmin narahat olunması kimi problemlər də müşahidə edilir:

"Təbiətdə plastik qabların, şüşələrin, qida qalıqlarının və digər tullantıların atılması torpağın və suyun çirklənməsinə səbəb olur, heyvanların həyatını təhlükə altına salır və ekosistemin təbii tarazlığını pozur.

Xüsusilə yay mövsümündə piknik məqsədilə yandırılan tonqalların tam söndürülməməsi meşə yanğınlarının əsas səbəblərindən biridir. İqlim dəyişikliklərinin təsiri ilə temperaturun yüksəlməsi və quraqlığın artması fonunda belə halların nəticələri daha ağır olur. Bir neçə dəqiqəlik səhlənkarlıq nəticəsində yüzlərlə hektar meşə sahəsi məhv ola, biomüxtəliflik uzun illər bərpa olunmayacaq zərər görə bilər.

Bununla yanaşı, nəqliyyat vasitələrinin icazə verilməyən ərazilərə daxil olması torpaq örtüyünün sıxlaşmasına, bitkilərin zədələnməsinə və eroziya proseslərinin sürətlənməsinə səbəb olur. Yüksək səslə musiqi səsləndirilməsi və vəhşi heyvanların narahat edilməsi isə onların təbii davranışına və çoxalma prosesinə mənfi təsir göstərir.

Təbiətin qorunması üçün hər bir vətəndaş sadə, lakin vacib davranış qaydalarına əməl etməlidir. İlk növbədə, əraziyə gətirilən bütün tullantılar geri aparılmalı və yalnız xüsusi tullantı qutularına atılmalıdır. Plastikdən istifadə minimuma endirilməli, təkrar istifadə olunan qab-qacağa və su qablarına üstünlük verilməlidir. Tonqal yalnız icazə verilən yerlərdə yandırılmalı, ərazi tərk edilərkən onun tam söndürüldüyünə əmin olunmalıdır.

Həmçinin ağac və kollara zərər vurmaq, nadir bitkiləri qoparmaq, heyvanları qidalandırmaq və ya narahat etmək düzgün davranış hesab olunmur. Turistlər və istirahət edənlər müəyyən olunmuş cığırlardan istifadə etməli, xüsusi mühafizə olunan təbiət ərazilərində tətbiq edilən qaydalara ciddi riayət etməlidirlər.

Ekoloji mədəniyyət yalnız qanunlarla deyil, insanların daxili məsuliyyət hissi ilə formalaşır. Məktəblərdə, ailədə, mediada və ictimai təşkilatlar vasitəsilə aparılan ekoloji maarifləndirmə işləri bu sahədə mühüm rol oynayır. İnsanlar anlamalıdırlar ki, təbiət bizə miras deyil, gələcək nəsillərdən əmanətdir.

Təbiətdə istirahət etmək hər kəsin haqqıdır, lakin onu qorumaq hər birimizin borcudur. Təbiətə hörmətlə yanaşan insan, əslində, öz sağlamlığını, gələcəyini və ölkəsinin ekoloji təhlükəsizliyini qoruyur. Təmiz meşələr, saf dağlar və sağlam ekosistemlər yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin birgə məsuliyyəti sayəsində gələcək nəsillərə ötürülə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə