Haqq səsinin keşiyində...

Haqq səsinin keşiyində...

Bu gün Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının üç ili tamam olur. Üç il əvvəl böyük bir ideyanın daşıyıcısı kimi fəaliyyətə başlayan Qərbi Azərbaycan Televiziyası qısa müddətdə Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm media platformasına çevrilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu illər ərzində televiziya yalnız Azərbaycan cəmiyyətinin deyil, beynəlxalq ictimaiyyətin də diqqətini Qərbi Azərbaycan məsələsinə yönəltməyə nail olub. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə siyasətçi, alim, diplomat, tədqiqatçı, ictimai xadim və media nümayəndəsi efirin qonağı olaraq Qərbi Azərbaycan mövzusuna münasibətlərini bölüşüb, tarixi həqiqətlərimizin beynəlxalq auditoriyaya çatdırılmasına öz töhfələrini veriblər.

Qərbi Azərbaycan Televiziyası bu gün artıq təkcə bir televiziya deyil, haqq səsimizin dünyaya açılan informasiya körpüsüdür. Bu ekran vasitəsilə Qərbi Azərbaycan adı daha geniş coğrafiyada tanınıb, soydaşlarımızın doğma yurdlarına qayıdış hüququ beynəlxalq müstəvidə daha aydın eşidilməyə başlayıb.

Televiziyanın fəaliyyətində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin Qərbi Azərbaycan həqiqətlərinin təbliği, Qayıdış Konsepsiyasının cəmiyyətə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyət və təşəbbüslər mühüm yer tutur. Bu missiyanın uğurla həyata keçirilməsində Qərbi Azərbaycan Televiziyasının rəhbəri, tanınmış jurnalist Telli Pənahqızının peşəkarlığı, zəngin media təcrübəsi, milli dəyərlərə bağlılığı və fədakar əməyi televiziya kollektivinin qazandığı uğurlarda əhəmiyyətli paya malikdir.

Qərbi Azərbaycan Televiziyası bu mühüm missiyanın həyata keçirilməsində onunla daim əməkdaşlıq edən, maraqlı, tarixi faktlara söykənən, habelə gündəmin əsas mövzularının müzakirəsinə həsr olunan verilişləri ilə bu televiziyanın efirlərini zənginləşdirən Milli Məclisin deputatları Hikmət Babaoğlu, Sahib Alıyev, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri Mahirə Hüseynova, İbrahim Bayramov, Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev, İcmanın Qadınlar Şurasının üzvü Vəsilə Əkbərovaya, həmçinin televiziya ilə əməkdaşlıq edən bütün dövlət və ictimai xadimlərə, alimlərə, ziyalılara, media nümayəndələrinə, habelə televiziyanın fədakar kollektivinə minnətdarlığını bildirir.

Əminik ki, Qərbi Azərbaycan Televiziyası bundan sonra da milli yaddaşımızın qorunmasına, həqiqətlərimizin dünyaya çatdırılmasına və Böyük Qayıdış ideyasının təbliğinə eyni əzmlə xidmət edəcək.

Ona yeni uğurlar, daha böyük auditoriyalar və daha gur səslə dünyaya yayılan həqiqətlər arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə