Sağlamlığınızı qorumaq üçün qida etiketlərini necə oxumalısınız? - EKSPERT DANIŞDI

Sağlamlığınızı qorumaq üçün qida etiketlərini necə oxumalısınız? - EKSPERT DANIŞDI

"Gizli duzun, yəni natriumun həddindən artıq istehlakı ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi olduqca vacibdir. Hazır qida məhsullarında olan gizli duzun, yəni natriumun miqdarı bəzən istehlakçı üçün görünməz qalır. Buna görə də məhsulun etiketində natriumun miqdarı mütləq göstərilməli, istehlakçı isə həmin məlumatı diqqətlə oxumalıdır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, məhsulun tərkibində olan inqrediyentlər və qida dəyəri ilə bağlı məlumatlar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq etiketdə öz əksini tapmalıdır:

"Ən vacib addımlardan biri məhsulun etiketini diqqətlə oxumaqdır. Etiketdə porsiya ölçüsünə, natriumun miqdarına və gündəlik qəbul normasının neçə faizini təşkil etdiyini göstərən "Daily Value", yəni gündəlik dəyər göstəricisinə diqqət yetirmək lazımdır.

Sağlam böyüklər üçün gündəlik natrium qəbulunun yuxarı həddi təxminən 2300 milliqram hesab olunur. Bu, təqribən bir çay qaşığı duza bərabərdir. Lakin gündəlik duz qəbulu bu həddən az olmalıdır.

Yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və digər risk faktorları olan şəxslər üçün natrium qəbulunun daha da məhdudlaşdırılması tövsiyə edilir. Bu şəxslər üçün gündəlik təxminən 1500 milliqram natrium daha uyğun hesab oluna bilər.

Burada porsiya ölçüsünə xüsusi diqqət yetirilməlidir. Etiketdə göstərilən natrium miqdarı yalnız bir porsiyaya aid olur. Əgər məhsuldan iki porsiya istifadə edilərsə, qəbul olunan natrium miqdarı da ikiqat hesablanmalıdır.

Etiketdə gündəlik dəyərin 5 faizi və ya daha azı göstərilirsə, məhsul aşağı natrium tərkibli hesab olunur. Əgər bu göstərici 20 faiz və ya daha çoxdursa, həmin məhsulun natrium tərkibi yüksək hesab edilir.

Bəzi məhsulların üzərində "Low Sodium", yəni "az natriumlu", və ya "No Added Salt", yəni "əlavə duz yoxdur" ifadələri yazıla bilər. Lakin bu cür ifadələrə baxmayaraq, məhsulun tərkibindəki natrium miqdarını rəqəmlərlə yoxlamaq vacibdir.

Gizli duz mənbələri gündəlik istifadə etdiyimiz bir çox qida məhsulunda mövcuddur. Məhsulun dadı çox duzlu hiss olunmasa belə, onun tərkibində yüksək miqdarda natrium ola bilər.

Natriumun əsas gizli mənbələrinə çörək və digər un məmulatları, emal olunmuş ət məhsulları - kolbasa, sosiska, salami və digər oxşar məhsullar, pendir və bəzi süd məhsulları, hazır yeməklər və yarımfabrikatlar, hazır şorbalar və bulyonlar, dondurulmuş pizza və digər hazır məhsullar, çips, kraker və müxtəlif qəlyanaltılar, bəzi səhər yeməyi məhsulları və qarğıdalı lopaları, ketçup, mayonez, salat sousları və soya sousu, eləcə də müxtəlif souslar, ədviyyat qarışıqları və dadlandırıcılar daxildir.

Gündəlik natrium qəbuluna nəzarət etmək üçün müasir texnologiyalardan da istifadə etmək mümkündür. Məsələn, MyFitnessPal, CareClinic və Fitia kimi mobil tətbiqlər qida məhsullarının tərkibini və natrium miqdarını izləməyə kömək edə bilər. Bəzi tətbiqlər məhsulun ştrix-kodunu oxuyaraq onun qida dəyəri haqqında məlumat təqdim edir.

Mümkün qədər ev şəraitində hazırlanmış təzə yeməklərə üstünlük verilməsi tövsiyə olunur. Evdə yemək hazırlayarkən duzun miqdarına nəzarət etmək daha asandır. Duzun istifadəsini azaltmaq üçün müxtəlif göyərtilərdən, təbii otlardan, limon şirəsindən və uyğun ədviyyatlardan istifadə etmək olar.

İctimai iaşə müəssisələrində yemək sifariş edərkən qidanın əlavə duz olmadan hazırlanmasını istəmək də mümkündür. Həmçinin, menyuda məhsulların qida dəyəri haqqında məlumat varsa, natrium göstəricilərinə diqqət yetirmək lazımdır.

Natrium və kalium balansı da qidalanmada mühüm əhəmiyyət daşıyır. Banan, ispanaq, lobya və digər kaliumla zəngin qidalar sağlam qidalanma rejiminin tərkib hissəsi ola bilər. Lakin böyrək xəstəlikləri və ya digər sağlamlıq problemləri olan şəxslər kalium qəbulunu artırmazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.

Yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və böyrək problemləri olan şəxslər natrium qəbuluna xüsusilə diqqət yetirməlidirlər. Bu şəxslər məhsul etiketlərini diqqətlə oxumalı, tərkibində natrium miqdarı göstərilməyən və ya tərkibi aydın olmayan məhsullardan mümkün qədər uzaq durmalıdırlar.

Unutmayaq ki, sağlam qidalanmanın əsas şərtlərindən biri qida məhsullarının tərkibini bilmək, etiketləri düzgün oxumaq və gündəlik duz qəbuluna nəzarət etməkdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə