“Yayda qidalanmada ən vacib qayda təhlükəsiz və yüngül qidaları seçməkdir" - EKSPERT DANIŞDI
"Yay mövsümündə əksər insanlar qışda olduğu kimi iştahlı olmur. Bu mövsümdə orqanizmimiz yüksək istilik, tərləmə ilə qarşılaşdığı üçün menyunu yüngül, su və mineral balansını qoruyan qidalardan ibarət seçməliyik".
Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, bu dövrdə tərəvəz, göyərtilər, mövsümi meyvələr, az yağlı süd məhsulları ola bilər:
"Ağır, yağlı, qızardılmış yeməklərin, tez xarab olan kremli şirniyyatların, eləcə də küçələrdə satılan açıq qidaların istehlakı azaldılmalıdır. İsti havalarda patogen mikroorqanizmlərin sürətlə çoxalması ciddi qida zəhərlənmələrinə səbəb olur.
Temperatur yüksək olduğu üçün patogen mikroorqanizmlərin, xüsusilə salmonella, ekoli, listeria sürətlə törəyib artır. Bakteriyalar bu diapazonda hər 10-20 dəqiqədən bir ikiqat arta bilir. İsti hava şəraitində düzgün soyudulmayan, açıqda qalan məhsullar qısa müddətdə zəhərli intoksikasiya mənbəyinə çevrilir.
İsti havalarda qida zəhərlənməsinə ən çox səbəb olan bəzi məhsullar var ki, diqqətli olsaq daha yaxşı olar. Mayonezli və souslu salatlar, tez xarab olan süd məhsulları, bişmiş ət və toyuq yeməkləri, yaxşı bişməmiş dəniz məhsulları və balıq, yuyulmamış göyərtilər, tərəvəz və meyvələr zəhərlənməyə səbəb ola bilər.
Alış-veriş etdiyimiz zaman soyuducuda saxlanmalı olan məhsulların temperatur rejiminin qorunduğundan əmin olmalıyıq. Qutuların, paketlərin şişməmiş, son istifadə tarixinin keçməmiş olması diqqətimizdən yayınmamalıdır. Bişmiş yeməkləri otaq temperaturunda 2 saatdan artıq saxlamaq olmaz. Tez bir zamanda soyuducuya qoymalıyıq. Çiy ət və digər qidalarla hazır yeyilən məhsulların çarpaz çirklənmənin qarşısını almaq üçün ayrı kəsmə taxtalarından istifadə etməliyik. Həmçinin meyvə və tərəvəzləri axar suda yaxşıca yumalıyıq.
Ev şəraitində, xüsusilə konservləşdirilmiş tərəvəz və ət məhsullarının hazırlanmasında sterilizasiya qaydalarına tam əməl olunmazsa, ölümcül nəticələrə səbəb ola biləcək botulizm təhlükəsi yaranır".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB