"Uzunmüddətli yağışların ətraf mühitə təsirlərinə torpaq eroziyasının genişlənməsi, suyun çirklənməsi və turşulaşması, flora və faunanın tərkibində dəyişikliklər daxildir. Həddindən artıq rütubət və nəmlik bataqlıqların yaranmasına, qida maddələrinin miqrasiyasına və su mənbələrinin çirklənməsinə səbəb olur".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
.jpg)
Onun sözlərinə görə, bu proseslər ekosistemləri kəskin şəkildə dəyişdirir və biomüxtəlifliyin azalmasına gətirib çıxarır: "Uzunmüddətli yağışların əsas təsirləri sırasında torpaq eroziyası və deqradasiyası, turşulaşma və ekosistem dəyişiklikləri, su basması və floranın dəyişməsi, suyun çirklənməsi, həmçinin vəhşi təbiətə təsirlər qeyd oluna bilər.
Torpaqların eroziyası və deqradasiyası zamanı fasiləsiz yağan güclü yağışlar torpağın münbit üst qatını yuyub aparır. Bu isə torpağın münbitliyinin azalmasına və strukturunun dəyişməsinə səbəb olur. Nəticədə kənd təsərrüfatına ciddi zərər dəyir, torpaqdakı qida maddələri itirilir.
Turşulaşma və ekosistem dəyişikliyi yağış suyunun tərkibində kükürd və azot turşularının olması ilə bağlıdır. Bu cür turş yağışlar torpaqların və su hövzələrinin turşulaşmasına səbəb olur. Belə şərait su hövzələrində yaşayan flora və faunaya mənfi təsir göstərir, həssas balıq və bitki növlərinin məhvinə, landşaftların deqradasiyasına gətirib çıxarır.
Uzunmüddətli yağıntılar yeraltı suların səviyyəsinin qalxmasına və su basmalarının baş verməsinə səbəb olur. Bu isə bitki örtüyünün dəyişməsi ilə nəticələnir, bəzi bitki icmaları tamamilə sıradan çıxır və yeni şəraitə uyğun növlərlə əvəz olunur.
Yağışların yaratdığı daşqınlar zərərli kimyəvi maddələrin, sənaye tullantılarının, eləcə də üzvi maddələrin su hövzələrinə yuyulmasına səbəb olur. Bu proses suyun çirklənməsini artırır və su ekosistemlərinin balansını pozur. Vəhşi təbiətə təsir zamanı daşqınlar heyvanların məhvinə, onların yaşayış mühitinin pozulmasına səbəb olur. Üzvi maddələrin parçalanması isə yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır və bu, heyvanlar aləminə ciddi zərbə vurur.
Uzun müddət davam edən yağışlar ekosistem üçün əlavə nəticələr də yaradır. Hava rütubətinin artması zərərvericilərin, toz kifi və meyvə çürüməsi kimi göbələk xəstəliklərinin inkişafı üçün əlverişli şərait formalaşdırır. Torpaqdakı faydalı mikroelementlər yuyularaq azalır, bu isə bitkilərin sağlamlığını zəiflədir və müxtəlif xəstəliklərin yayılmasına səbəb olur.
Torpaqda yaranan artıq su təbəqəsi bitkilərin kök sistemində oksigen çatışmazlığı yaradır. Bu, hava mübadiləsini çətinləşdirir və meyvə-tərəvəz bitkilərinin keyfiyyətinin pisləşməsinə gətirib çıxarır. Eyni zamanda zərərvericilərin aktivləşməsi prosesi də güclənir.
Turş yağışlar su hövzələrini, torpağı, yeraltı suları və meşələri zəhərləyir. Belə yağıntılar suyun turşuluğunu artırır və nəticədə bir çox bitki və heyvan növlərinin yaşaması mümkünsüz olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB