Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağırılıb

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, müşavirədə şəhərin sanitar təmizliyinin və yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri, habelə qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları ərazilərində mövcud nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın günün əsas tələbi olduğunu daim nəzərə almalıdırlar.

Müşavirədə Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyəti kəskin tənqid edilib. Qeyd olunub ki, bu rayonların bəzi qəsəbələri ümumşəhər standartlarından geri qalır. Yol verilmiş nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.

Toplantıda paytaxt rayonlarında təmizlik, abadlıq və yaşıllaşdırma sahəsində görülən işlər də müzakirə edilib. Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Müşavirədə rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair video və foto materiallar nümayiş etdirilib. Bu mövzu ətrafında geniş müzakirələr aparılıb, aşkarlanmış qanun pozuntuları əyani şəkildə təqdim olunub. Bildirilib ki, bu cür hallar əsasən Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarda qeydə alınıb. Qanunsuz tikintilərlə mübarizənin gücləndirilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edilib ki, müşavirədə verilən tapşırıqların icrasına Bakı Şəhər İcra Hakimiyyətinin monitorinq qrupu tərəfindən nəzarət olunacaq. Yaz-yay mövsümünə hazırlıq məqsədilə xüsusi qərargahın yaradılması və görülən işlərin nəticələrinin iki ay ərzində yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə