“Turizm sektorunda xidmət keyfiyyətinin yüksəldilməsi və istehlakçı hüquqlarının qorunması məqsədilə ölkədə mehmanxanaların ulduz təsnifatı sistemi qanunvericilik səviyyəsində tənzimlənir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, mövcud Turizm haqqında qanuna əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün mehmanxanalar mütləq şəkildə ulduz təsnifatından keçməlidir:
”Eyni zamanda, yerləşmə vasitələrinin hüquqi statusunu müəyyən edən normativ tələblərə görə, otaq sayı 11-dən çox olan bütün yerləşmə obyektləri mehmanxana hesab olunur və bu obyektlər 1-dən 5 ulduza qədər kateqoriyalar üzrə təsnifatlaşdırılır.
Ulduz təsnifatı prosesi müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılmış xüsusi komissiyalar vasitəsilə həyata keçirilir. Komissiya yoxlamaları zamanı mehmanxanaların maddi-texniki bazası, təhlükəsizlik standartları, xidmət səviyyəsi, sanitar-gigiyenik şərait, kadr təminatı və idarəetmə sistemi kompleks şəkildə qiymətləndirilir. Yoxlamaların nəticəsinə uyğun olaraq mehmanxanalar müvafiq ulduz kateqoriyasına aid edilir və bu status rəsmi qaydada qeydə alınır.
Mövcud statistik göstəricilər göstərir ki, ulduz təsnifatından keçmiş mehmanxanaların 70 faizindən çoxu paytaxt ərazisində yerləşir. Bu tendensiya Bakının turizm infrastrukturu baxımından daha inkişaf etmiş olması, beynəlxalq standartlara uyğun otellərin üstünlük təşkil etməsi və xidmət sektoruna daha çox investisiya cəlb olunması ilə izah edilir. Paytaxtda fəaliyyət göstərən mehmanxanaların əksəriyyəti artıq 1, 2, 3, 4 və 5 ulduz kateqoriyaları üzrə rəsmi qeydiyyata alınıb.
Bununla yanaşı, yoxlamalar zamanı müəyyən obyektlərdə ciddi uyğunsuzluqlar, sənədləşmə problemləri və normativ tələblərə cavab verməyən hallar da aşkar edilir. Müvafiq sənədləri olmayan, texniki və ya xidmət standartları baxımından ciddi nöqsanları olan yerləşmə vasitələri ulduz təsnifatından keçə bilmir. Bu cür hallarda obyekt rəhbərliyinə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müəyyən vaxt verilir və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək imkanı tanınır.
Bəzi mehmanxanaların ulduz təsnifatından keçməsi zaman baxımından ləngiyə bilər. Bu ləngimə əsasən obyektlərin təsnifat tələblərinə hazırlıqsız olması, maddi-texniki bazanın yetərsizliyi və ya idarəetmədə mövcud olan boşluqlarla bağlıdır. Lakin ümumi proses turizm sektorunda şəffaflığın artırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və ölkənin turizm imicinin gücləndirilməsinə xidmət edir. Ulduz təsnifatı sistemi uzunmüddətli perspektivdə həm yerli, həm də xarici turistlər üçün daha etibarlı və standartlaşdırılmış turizm mühitinin formalaşmasına mühüm töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB