Milli Məclisin plenar iclası keçirlir

Azərbaycan Respublikasının Milli Məclisinin plenar iclasın gündəliyinə təklif olunan məsələlər məlum olub.

SİA-nın verdiyi məlumata görə, gündəliyə ümumilikdə 10 məsələ daxil edilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzə dinləniləcək.

Deputatlar həmçinin bir sıra qanun layihələrini müxtəlif oxunuşlarda müzakirə edəcəklər. Belə ki, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Eyni zamanda Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan sənəd də üçüncü oxunuşda baxılacaq.

İclasın gündəliyinə “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişikliklər, eləcə də Gömrük Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklikləri əhatə edən layihələr daxil edilib.

Bununla yanaşı, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan sənəd ikinci oxunuşda müzakirə olunacaq.

Gündəliyə həmçinin Cəzaların İcrası Məcəlləsində, Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda, eləcə də Əmək Məcəlləsi, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan layihələr birinci oxunuşda daxil edilib.

Eyni zamanda “İnvestisiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də deputatların müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, iclas zamanı təqdim olunan qanun layihələri müvafiq oxunuş mərhələlərinə uyğun olaraq müzakirə ediləcək və qərar qəbul olunacaq.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə