Naxçıvanda bu Nazirliyin Əsasnaməsi də dəyişildi

Naxçıvan Muxtar Respublikasında (MR) balıqçılıq və akvakultura sahələrinin inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əsasnaməsinə dəyişiklik edilib. Bununla bağlı Naxçıvan MR-in Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Dəyişikliklərə əsasən, əsasnaməyə balıqçılıq və akvakultura sahəsində idarəetmə və nəzarət mexanizmlərini genişləndirən yeni yarımbəndlər əlavə edilib.

Belə ki, nazirlik bundan sonra şəhərlərdə balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılmasına razılıq verəcək və torpaqların kateqoriyalar üzrə dəyişdirilməsinə rəy bildirəcək. Eyni zamanda KTN balıqçılıq subyektlərinin uçotunu aparacaq, qanunvericiliyin pozulması hallarında qiymətli balıq növləri üçün üstün mühafizə rejimi müəyyən edəcək, həmçinin daxili sularda su bioresurslarının istismar həcmini və elmi əsaslandırılmış rejimini müəyyənləşdirəcək.

Bundan başqa, dövlət qurumu akvakultura əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görəcək, ixtisaslaşmış balıq bazarlarının yerləşmə sxemini aidiyyəti qurumlarla razılaşdıracaq, dövlət sifarişi əsasında akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası və iqlimləşdirilməsi ilə bağlı müqavilələr bağlayacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə