"Azərbaycanda qidalanma mədəniyyəti dəyişir" - EKSPERT DANIŞDI

"Azərbaycanda qidalanma vərdişləri son illərdə nəzərəçarpacaq dərəcədə dəyişir. Ənənəvi olaraq insanlar daha çox doymaq, yəni gündəlik enerji ehtiyacını qarşılamaq məqsədilə qidalanırdılar".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

Onun sözlərinə görə, xüsusilə fiziki əmək üstünlük təşkil edən dövrlərdə əsas prioritet kalorili və doyumlu qidalar idi: "Lakin zamanla həyat tərzinin dəyişməsi, şəhərləşmənin artması və məlumatlılığın yüksəlməsi qidalanmaya münasibəti də dəyişib. Dövlət proqramları və ictimai maarifləndirmə tədbirləri nəticəsində sağlam qidalanmaya maraq getdikcə artır.

2019-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qida təhlükəsizliyinin gücləndirilməsi, keyfiyyətli və təhlükəsiz məhsullara çıxışın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, standartların sərtləşdirilməsi və istehlakçı hüquqlarının qorunması bu sahədə institusional bazanı möhkəmləndirib. İcra göstəricisinin 92 faiz olması proqramın effektiv həyata keçirildiyini göstərir və bu, insanların daha sağlam və təhlükəsiz seçimlər etməsinə real zəmin yaradıb.

2026-2032-ci illəri əhatə edən yeni proqram isə artıq daha geniş yanaşmanı hədəfləyir. Burada əsas məqsəd yalnız qida təhlükəsizliyini təmin etmək deyil, həm də sağlam qidalanma mədəniyyətini formalaşdırmaqdır. Bu, balanslı rasionun təşviqi, düzgün qidalanma vərdişlərinin erkən yaşlardan aşılanması və maarifləndirmə kampaniyalarının genişləndirilməsi ilə müşayiət olunur. Beləliklə, qidalanma anlayışı təkcə doymaq və enerji toplamaq kimi deyil, sağlam həyat tərzinin ayrılmaz tərkib hissəsi kimi təqdim olunur.

Hazırda cəmiyyət iki tendensiyanın kəsişməsindədir. Bir tərəfdən ənənəvi yanaşma - doymaq və enerji ehtiyacını təmin etmək məqsədi hələ də müəyyən sosial qruplar üçün prioritet olaraq qalır. Digər tərəfdən isə yeni yanaşma - sağlamlıq, balanslı rasion, qida dəyərinin nəzərə alınması və təhlükəsiz məhsul seçimi getdikcə daha çox ön plana çıxır. Bu keçid mərhələsi göstərir ki, Azərbaycanda qidalanma artıq yalnız məişət vərdişi deyil, həm də ictimai sağlamlıq və dövlət siyasətinin mühüm istiqamətinə çevrilməkdədir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə