"Ramazan ayı İslam dinində sadəcə oruc tutulduğu bir zaman deyil, insanın həm mənəvi, həm əxlaqi, həm də ictimai baxımdan yenilənməsi üçün verilmiş böyük bir fürsət ayıdır. Bu ayın əsas mahiyyəti insanın nəfsini tərbiyə etməsi, Allahla olan bağını möhkəmləndirməsi və öz həyatına daha məsuliyyətli yanaşmasıdır. Oruc yalnız yemək və içməkdən imtina etmək deyil, insanın bütün davranışlarını nəzarət altına alması, dilini, gözünü, qəlbini və niyyətini təmiz saxlaması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, dinimizə görə, orucun əsas hikməti təqva əldə etməkdir: "Təqva isə insanın Allahın razılığını düşünərək hərəkət etməsi, haramdan və pis əməllərdən uzaq durmasıdır. Əgər bir insan gün ərzində ac və susuz qalsa, lakin yalan danışsa, qeybət etsə, kiminsə haqqını tapdalasa və ya insanlara qarşı kobud davransa, bu, orucun ruhuna zidd sayılır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, kim yalanı və pis davranışı tərk etməzsə, onun yemək-içməkdən imtina etməsinə Allahın ehtiyacı yoxdur. Bu isə göstərir ki, Ramazanın əsas məqsədi bədəni deyil, ruhu tərbiyə etməkdir. Ramazan ayı eyni zamanda mərhəmət, paylaşma və sosial həmrəylik ayıdır. İnsan ac qalmaqla kasıbların və ehtiyac içində olanların halını daha yaxşı anlayır, bu isə onu sədəqə verməyə, zəkatını vaxtında ödəməyə və ehtiyacı olanlara dəstək olmağa təşviq edir. Bu ayda ailə münasibətlərini möhkəmləndirmək, küsülüləri barışdırmaq, qohum-əqrəba ilə əlaqələri gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Çünki Ramazan yalnız fərdi ibadət deyil, həm də cəmiyyətin mənəvi sağlamlığına xidmət edən bir məktəbdir.
Bundan əlavə, Ramazan insanın özünü hesaba çəkməsi, həyatına yenidən baxması və səhvlərindən tövbə etməsi üçün bir fürsətdir. Qurani-Kərimin məhz bu ayda nazil olunmağa başlanması da Ramazanın hidayət və düşüncə ayı olduğunu göstərir. Qurani-Kərim oxumaq, dua etmək, gecə ibadətlərinə diqqət yetirmək və vaxtı faydalı işlərlə keçirmək bu ayın ruhuna uyğun davranışlardandır. Ramazanda yalnız oruc tutmaq kifayət deyil. Bu ay insanın dilinə, davranışına, niyyətinə, insanlarla münasibətinə və sosial məsuliyyətinə daha həssas yanaşmasını tələb edir. Kim Ramazanı yalnız aclıq və susuzluq kimi yaşayırsa, onun faydası məhdud olar. Lakin bu ayı mənəvi dəyişiklik, əxlaqi yüksəliş və Allahla yaxınlıq fürsəti kimi dəyərləndirən insan həm bu dünyada, həm də axirətdə böyük qazanc əldə edər".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB