“Rəqəmsal transformasiya artıq ümumdövlət siyasətinin ayrılmaz hissəsidir” - Rasim Əliquliyev
"Bu gün Azərbaycanda rəqəmsal dünyanın təsirindən kənarda qalan insan tapmaq çətindir. Sosial şəbəkələrdən istifadə, foto və videoların paylaşılması, müxtəlif onlayn platformalarda aktivlik artıq gündəlik həyatın tərkib hissəsinə çevrilib. Rəqəmsallaşma müasir cəmiyyətin əsas atributlarından biri kimi çıxış edir".
SİA xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev keçirilən elmi konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, rəqəmsal inkişaf və təhlükəsizlik məsələləri dövlət səviyyəsində xüsusi diqqət mərkəzində saxlanılır və son bir-iki il ərzində bu sahədə üç mühüm sənəd qəbul olunub. Onlardan biri kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı strategiyadır. Bu sənəd onlayn platformaların qorunması, sosial şəbəkələrdə təhlükəsizliyin təmin edilməsi, dövlət informasiya resurslarının müdafiəsi və ümumilikdə ölkənin kibertəhlükələrdən qorunmasını əhatə edir.
Akademik qeyd edib ki, ikinci mühüm sənəd Rəqəmsal İnkişaf Konsepsiyasıdır. Bu konsepsiyanın əsas məqsədi ölkədə rəqəmsallaşma prosesini vahid və koordinasiyalı şəkildə həyata keçirməkdir. Çünki əvvəlki mərhələdə bu proses daha çox pərakəndə xarakter daşıyırdı – ayrı-ayrı qurumlar öz çərçivəsində rəqəmsal siyasət yürüdür, nəticədə inkişaf səviyyəsində fərqlər yaranırdı.
Onun sözlərinə görə, bəzi qurumlar sürətlə irəlilədiyi halda, digərləri geri qalır, regionlar arasında da rəqəmsal inkişaf baxımından qeyri-bərabərlik müşahidə olunurdu. Yeni konsepsiya isə bu proseslər arasında harmoniya yaratmağı, vahid standartlar formalaşdırmağı və dövlət maraqlarını əsas prioritet kimi müəyyənləşdirməyi hədəfləyir.
Rasim Əliquliyev vurğulayıb ki, rəqəmsal transformasiya ayrı-ayrı qurumların təşəbbüsü deyil, ümumdövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilməlidir. Bu istiqamətdə müxtəlif strategiya və proqramlar ardıcıl şəkildə icra olunur və məqsəd rəqəmsal inkişafın sistemli, təhlükəsiz və uzunmüddətli dayanıqlığını təmin etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB