""WhatsApp" üzərindən təhqir etmək hüquqi məsuliyyət yaradır? - HÜQUQŞÜNAS AÇIQLADI

Son zamanlarda "WhatsApp" üzərindən şəxsi təhqirlərlə bağlı hüquqi məsuliyyət məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. Bəs, belə hallarda qarşı tərəfi hansı cəza gözləyə bilər?

Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, əgər “WhatsApp” yazışmalarında real və konkret hədə-qorxu mövcud deyilsə, həmin yazışmaların öz-özlüyündə hüquqi məsuliyyət yaratması mümkün deyil:

"Belə ki, şəxslər arasında baş verən şəxsi yazışmalar kütləvi xarakter daşımadıqda, yəni üçüncü şəxslərin iştirakı olmadan, qapalı ünsiyyət mühitində həyata keçirildikdə, bu cür ünsiyyət ictimai təhlükəlilik dərəcəsinə çatmır. Hüquqi baxımdan mühüm olan məqam odur ki, hər hansı fikir, ifadə və ya yazışma kütləvi informasiya vasitələrində, kütləvi tirajla yayımlanan çap məhsullarında, açıq ictimai çıxışlarda və ya internet informasiya resurslarında yayılmadığı halda, onun cəmiyyət üçün təhlükə yaratdığı iddia edilə bilməz. Cinayət tərkibinin formalaşması üçün yalnız subyektiv ifadələrin mövcudluğu kifayət etmir; həmin ifadələrin real təhlükə yaratması və cəmiyyətə yönəlməsi əsas şərtlərdəndir. Məhz bu səbəbdən qanunvericilikdə bir sıra cinayət tərkiblərinin əsas əlamətlərindən biri “kütləvilik” meyarıdır. Yəni əməl geniş ictimaiyyətə ünvanlanmalı, ictimai asayişi və ya ictimai münasibətləri poza biləcək səviyyədə yayılmalıdır. Şəxsi yazışmalarda isə bu meyar mövcud olmadığından, ortada cinayət tərkibinin yaranmasından söhbət gedə bilməz. Real hədə-qorxu, çağırış və ya zorakılığa təhrik kimi elementlər olmadığı, eləcə də yazışmalar kütləvi şəkildə yayılmadığı hallarda, “WhatsApp” və digər oxşar platformalarda aparılan şəxsi ünsiyyət hüquqi məsuliyyət doğurmur. Çünki bu tip cinayətlərin hüquqi mahiyyəti və əsası məhz kütləvi xarakter daşıması və ictimai təhlükəlilik yaratması ilə müəyyən olunur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə