“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dünya Hökumətləri Sammiti çərçivəsində “Bürokratik maneələrin aradan qaldırılması, real nəticələrin əldə edilməsi – sıfır bürokratiyaya aparan yol” adlı panel sessiyada çıxış edib.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, o qeyd edib ki, ölkəmizdə dövlət xidmətləri islahatları Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış “ASAN xidmət” üzərində qurulub və bu model bürokratiyanın azaldılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət edir. Həmçinin “ASAN xidmət”in həm yerli, həm də beynəlxalq müstəvidə etibarlı və tətbiq oluna bilən model kimi tanındığı və bu gün yüksək vətəndaş məmnunluğu ilə effektiv nəticələr təqdim etdiyi auditoriyanın diqqətinə çatdırılıb.

Sammitin növbəti günündə Dövlət Agentliyinin sədri “Süni intellekt dövründə insan resurslarının gələcəyinin formalaşdırılması” adlı dəyirmi masa müzakirəsində də çıxış edib. Vurğulanıb ki, süni intellektdən dövlət qulluqçularının səmərəliliyini artırmaq, qərarvermə proseslərini gücləndirmək və xidmət keyfiyyətini yüksəltmək üçün strateji alət kimi istifadə edilməlidir. Dəyirmi masada 15-dən çox ölkənin yüksəksəviyyəli rəsmiləri çıxış ediblər.

Dünya Hökumətləri Sammiti zamanı BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüş keçirilib. Görüş 2024-cü ildə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrasının müzakirəsi və bu çərçivədə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər məqsədilə gerçəkləşib. Bu çərçivədə BMT rəsmisi Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində nümunəvi fəaliyyətini xüsusi vurğulayıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Sammit çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun çıxış etdiyi “Yeni İpək Yolu” Forumunda da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə