AYNA: Avtobus idarə edəcək qadın sürücülərin sayı artırılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus idarə edəcək daha 6 qadın sürücüyə təlimlər keçir.

SİA AYNA-ya istinadən xəbər verir ki, Agentlik qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.

Layihənin birinci mərhələsində 3 xanım təlim və imtahanları uğurla tamamlayaraq artıq avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hazırda davam edən ikinci mərhələdə isə 6 xanım namizəd təlim prosesində iştirak edir.

Təlim proqramı avtobusları idarəetmə bacarıqları ilə yanaşı, davranış psixologiyası, sərnişindaşıma qaydaları və hərəkət təhlükəsizliyi üzrə mövzuları əhatə edir.

Qadın avtobus sürücüsü vakansiyası üzrə qəbul prosesi davam edir.

Təlim prosesindən videonu təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə