Müasir münasibətlərdə emosional boşluq və xəyanətin artan trendi - PSİXOLOQ DANIŞDI

“Müasir dövrdə romantik və intim münasibətlərdə fərdlərin emosional və sosial ehtiyaclarını yalnız bir partnyor vasitəsilə tam təmin etməsi getdikcə çətinləşir”. Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, insanların gündəlik həyatında texnologiyanın, sosial medianın və sürətli kommunikasiya imkanlarının artması, həmçinin fərdi azadlığa və seçim imkanlarına daha çox önəm verilməsi münasibətlərdə dinamiklərin dəyişməsinə səbəb olur:

“Fərdlər aralarındakı ünsiyyət və paylaşımı zəif hiss etdikdə, emosional və sosial boşluqları digər insanlarla kompensasiya etməyə çalışırlar. Bu vəziyyət zamanla xəyanət hallarının artmasına, eyni zamanda bir neçə partnyora eyni anda ehtiyac duyulmasına yol açır.

Psixoloji tədqiqatlar göstərir ki, belə davranışlar əsasən üç səbəbdən qaynaqlanır: emosional doyumun yetərsizliyi, sosial bağlılığın zəifləməsi və fərdin özünü təsdiq etmə, diqqət və dəyərlilik hissini təmin etmə ehtiyacı.

Sosioloji baxımdan isə çox partnyorlu münasibətlərə meyl, həmçinin cəmiyyətin normativ dəyərləri və fərdlərin tərbiyəvi, mədəni təcrübəsi ilə də bağlıdır. Müasir insan fərdi azadlıq və özünüifadə meyillərinə daha çox üstünlük verdiyi üçün bu tendensiya müəyyən dərəcədə artmışdır.

Müasir münasibətlərdə xəyanət və çox partnyorlu münasibətlərin artması yalnız fərdi psixoloji səbəblərlə izah edilmir; bu, həm də sosial, mədəni və texnoloji dəyişikliklərin gətirdiyi yeni reallıqların məhsuludur. Bu məsələlər üzərində aparılan elmi araşdırmalar, gələcəkdə münasibətlərin davamlı və sağlam formalaşması üçün strategiyaların hazırlanmasına zəmin yaradır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə