Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - YENİLƏNİB/FOTOLAR
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib .
SİA xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət işçisi, tanınmış ictimai xadim, jurnalist və şair-publisist Umud Mirzəyevin 65 illik yubileyi münasibətilə Mətbuat Şurasında (MŞ) tədbir təşkil olunub.
Tədbirdə Mətbuat Şurasının sədri və idarə heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Azər Allahverənov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Türkiyə Səfirliyi Mətbuat Müşaviri Cahangir İşbilir, professor Cahangir Məmmədli və digər tanınmış media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində yazıçı-jurnalist Gülşən Behbudun Umud Mirzəyevin həyat və fəaliyyətindən bəhs edən, onun 65 illik yubileyinə həsr olunan “Təmənnasız missiya” adlı kitabının təqdimatı baş tutub.
Çıxış edənlər yubilyar Umud Mirzəyevin uzunillik jurnalist fəaliyyəti, beynəlxalq humanitar təşəbbüsləri və Azərbaycanın media və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Bildirilib ki, Umud Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüb. Onun fəaliyyətinin böyük hissəsinin Qarabağ mövzusu ilə bağlı olması xüsusi vurğulanıb.
Umud Rəhim oğlu Mirzəyev 01 fevral 1961-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1982-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib. 1992-ci ildə yaradılan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. Onun şeirləri və publisistik yazıları yerli və respublika əhəmiyyətli dövri mətbuatda dərc olunub. Eyni zamanda rus, ingilis və türk dillərində müxtəlif ölkələrdə yayımlanıb.
2012-2016-cı illərdə dünyanın tanınmış media qurumlarını özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun (BMI) İdarə Heyətinin, 2013-2016-cı illərdə isə Nobel Sülh Mükafatı laureatı olan Beynəlxaq Sülh Bürosunun Ali Şurasının üzvü və qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi seçilmişdir.
2009-2016-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına sədrlik edib. 2010-2022-ci illərdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, hal-hazırda isə Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və eyni zamanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında ictimai şuranın sədridir.
Umud Mirzəyev Əməkdar mədəniyyət işçisidir. Ailəlidir, üç övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB