"İnsan dəyişdikcə münasibət də dəyişir" - MÜNASİBƏT BİLDİRİLDİ

Ümumiyyətlə, mübahisələrdə bir ana xətt var, bir də xırda detallar. O xırda detallar çox şeyi həll edə bilir. Əvvəl onu deyim ki, bir insanın xarakteri necədirsə, münasibətində də onu əks etdirir. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, hər bir insan münasibətinə öz xarakterindən nəsə verir: "Gördüyümüz kimi, hər bir münasibətin də öz xarakteri var. Məsələn, insanlar deyir ki, bizim münasibətimizdə belə bir şey var, ya da yoxdur. Bu isə onu göstərir ki, münasibətin xarakteri zamanla formalaşır. İnsan xarakterində dəyişiklik olduqda, münasibət də buna uyğun dəyişir. Münasibətlərdə uyğunsuzluq, davamlı mübahisələr və mübahisələrin xarakteri birbaşa insan xarakterindən asılıdır.

Bəziləri xırda detallara ilişir və onları böyüdür. Bəziləri isə xırda məqamlara əhəmiyyət vermir, bu da münasibətin daha sakit və möhkəm olmasına səbəb olur. Ətrafdakı insanlar münasibətə qarışdıqda, münasibətdə gərginlik yaranır. İnsan ətrafdakılara reaksiya vermədikdə isə münasibət daha güclü olur.
Uyğunluq məsələsinə gəldikdə, iki insanın xarakterləri üst-üstə düşdükdə münasibət harmoniya ilə davam edir. Xarakterlər uyğun gəlmədikdə isə biri dartır, digəri çəkilir və münasibətdə qarşılıqlı qatqı azalır.

Yekun olaraq deyə bilərəm ki, münasibətlərin keyfiyyəti insan xarakterindən, xırda detalların necə qəbul edilməsindən və ətraf təsirlərdən asılıdır. Xırdalıqlara çox takılmamaq və bir-birinin xarakterini qəbul etmək münasibətləri möhkəmləndirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə