Sublimasiya olunmuş meyvələr: sağlam qida seçimi, yoxsa yeni trend ? - REPORTAJ
Son günlərdə sağlam qidalanmaya marağın artması ilə yanaşı, bazarda yeni məhsullar da diqqət çəkir. Market rəflərində, onlayn satış platformalarında və yarmarkalarda tez-tez rast gəlinən sublimasiya olunmuş meyvələr qısa müddətdə istehlakçıların maraq dairəsinə daxil olub. Təbii dadı, uzunömürlü olması və “faydalı qida” kimi təqdim edilməsi bu məhsullara tələbatı artıran əsas amillərdən sayılır. Lakin sağlam qida adı altında satılan bu məhsullar həqiqətən nə qədər faydalıdır və istehlakçı üçün hər hansı risk yaradırmı - bu suallar da aktuallığını qoruyur.
SİA mövzu ilə bağlı reportaj edib.
Mövzu ətrafında yaranan marağın real mənzərəsini görmək üçün SİA olaraq paytaxtda sublimasiya olunmuş meyvələrin satış nöqtələrinə baş çəkib. Bu məhsulların kimlər tərəfindən və hansı məqsədlə alındığını öyrənmək məqsədilə həm satıcıların, həm də alıcıların fikirlərini öyrəndik.

Satıcı Lətif Seyidov: "Məhsulun trendə düşməsinin əsas səbəbləri onun xırçıltılı teksturaya malik olması və qurudulmuş dondurma formatında hazırlanmasıdır. Xüsusilə qış aylarında insanlar soyuq dondurma yeyə bilmədikləri üçün xırçıltılı, qurudulmuş dondurmalara daha çox üstünlük verirlər.
Tələbat göstərən əsas yaş qrupları uşaqlar və hamilə xanımlardır. Biz yalnız idxal məhsulları satırıq; məhsullarımız İtaliya və İrandan gətirilir.
Saxlama müddətinə gəldikdə isə məhsullar xüsusi şəkildə qablaşdırılmalıdır. Çeşidlər müxtəlifdir və əksəriyyəti vakum qablaşdırmada təqdim olunur. Məhsul nəm mühitdə saxlanılmamalı və qablaşdırmanın ağzı açıq qalmamalıdır, çünki bu halda xırçıltılı xüsusiyyətini itirə bilər. Qiymətlər 5 manatdan başlayır və 10, 15, 20 manata qədər dəyişir. Bu fərq məhsulun ölçüsünə və çəkisinə görə formalaşır.
Hazırda məhsullar bazara ilk daxil olduğu vaxtdan etibarən tələbat günbəgün artır. Tələbatın bu qədər sürətlə artması səbəbindən bəzən sifarişləri vaxtında çatdırmaqda çətinliklər yaranır".

Şəhər sakini Gülyaz Məlikova: "Qurudulmuş meyvədən istifadə etmişəm və dadını çox bəyəndim. Sublimasiya olunmuş meyvələri ilk dəfə sosial mediada gördüm və məni əsasən onların xırçıltılı olması cəlb etdi. Buna görə də mən də sifariş verib dadına baxdım. Əsasən dondurmanı çox bəyəndim. Dondurmanın müxtəlif çeşidləri var idi, amma mənim dadıma uyğun olan şokoladlı və çiyələkli variantlarını daha çox bəyəndim. Düzdür, digər meyvə qurularının dadına baxmamışam, amma düşünürəm ki, onlar da pis deyil.
Qiymətləri isə bir az yüksək hesab edirəm. Əsasən 10 manat civarında olsa, daha çox istifadə edərdim. Ümumiyyətlə, belə məhsulların həm ləzzətli, həm də xırçıltılı olması məni çox cəlb edir və mən düşünürəm ki, gündəlik kiçik qəlyanaltı və ya uşaqlara verilməsi üçün yaxşı seçimdir".

Şəhər sakini Səkinə Əliyeva: "Qurudulmuş meyvədən hələ istifadə etməmişəm, amma sosial şəbəkələrdə çox qarşıma çıxıb. Görüntüsü bir qədər turş göründüyü üçün almaq istəmədim. Amma imkan olsa, dadına baxmaq üçün mütləq alaram. Qiymətləri məncə bir qədər bahadır; qiymətlər aşağı olsa, hər kəs ən azı bir dəfə dadına baxa bilər. Düşünürəm ki, ən yaxşı qurudulmuş meyvələr əncir və ərik qurusudur".
Şəhər sakini Əli Məmmədli: "Sublimasiya olunmuş meyvələrdən gündəlik istifadə edirəm və dadını çox bəyənirəm. Başqalarına da tövsiyə edirəm ki, dadına baxsınlar. Qiymətləri düzdür, bir qədər bahadır, amma yenə də bir çox insan alır. Mənim dadıma əsasən sublimasiya olunmuş alma daha uyğundur. Digərləri də yaxşıdır, amma hər kəsin dad seçimi fərqlidir; kim hansı meyvəni daha çox sevirsə, onu daha çox alır".
Artan maraq və geniş yayılma fonunda sublimasiya olunmuş meyvələrin qida dəyəri və sağlamlığa təsiri də diqqət mərkəzinə düşür. Bu məhsulların nə olduğu, hansı üstünlüklərə malik olduğu və hər kəs üçün uyğun olub-olmaması ilə bağlı qida ekspertlərinin də mövqeyini öyrəndik.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova: "Son günlərdə trend olan sublimasiya olunmuş (şokla dondurulub qurudulmuş) meyvələr mövcuddur. Bu məhsullar meyvənin əvvəlcə şok üsulu ilə dondurulması, daha sonra isə vakum şəraitində tərkibindəki nəmin çıxarılması və nəmliyin qaz halına çevrilməsi prosesi ilə hazırlanır.
Bu proses zamanı bəzi vitamin və minerallar qismən qorunur. Xüsusilə C vitamini, B vitamini və B qrup vitaminləri mövcud olsa da, təzə meyvələrlə müqayisədə miqdarı nisbətən azalır. Buna baxmayaraq, bu cür məhsullar bir çox insanlar üçün faydalıdır, xüsusilə idmançılar, səyahət zamanı olan şəxslər və ya qidaya əlçatanlığın məhdud olduğu hallarda orqanizmin vitamin-mineral balansını qismən də olsa tənzimləməyə kömək edə bilər. Qeyd etmək lazımdır ki, məhsullar quru, xırçıldayan və rahat yeyilə bilən formada olduğu üçün insanlar onları bəzən normadan artıq qəbul edirlər. Bu, sağlamlıq üçün arzuolunan deyil. Tövsiyə olunur ki, bir porsiya 20-30 qramdan artıq olmasın. Bu miqdar təxminən 1-2 porsiya təzə meyvə və tərəvəzə bərabərdir və həftədə 1-2 dəfə qəbul edilməsi daha məqsədəuyğundur. Gündəlik istifadəsi tövsiyə edilmir.
Səbəblərdən biri məhsulun nəmlik dəyərinin aşağı olmasıdır. Bundan əlavə, dişlərə yapışaraq mina qatına zərər verə bilər və tərkibindəki təbii şəkərin konsentrasiyası yüksək olduğundan qanda şəkər səviyyəsinin artmasına səbəb ola bilər.
Uşaqlar üçün, xüsusilə 3 yaşdan kiçik uşaqlar üçün, bu məhsullar riskli hesab olunur. Onların ağız suyu ifrazı yetərli səviyyədə olmaya bilər və bu da məhsulun düzgün islanmadan udulmasına, nəticədə boğulma riskinin artmasına səbəb ola bilər. Buna görə də uşaqlara veriləcəyi halda məhsul 5 dəqiqə suda isladıldıqdan sonra təqdim edilməlidir.
Saxlanma müddətinə gəldikdə isə, paket açılmadığı halda sublimasiya olunmuş meyvələrin saxlanma müddəti meyvənin növündən və tərkibindən asılı olaraq 2 ildən 25 ilə qədər dəyişə bilər. Lakin qablaşdırma açıldıqdan sonra, gigiyena qaydalarına əməl edilməklə sərin və quru şəraitdə saxlanılsa belə, istifadə müddəti xeyli qısalır və bu da meyvənin növündən asılıdır.
Digər mühüm məqam odur ki, məhsullar trend halına gəldikcə bəzi istehsalçılar xərcləri azaltmaq və daha çox qazanc əldə etmək məqsədilə kimyəvi maddələrdən, süni dadlandırıcılardan və rəngləndiricilərdən istifadə edə bilirlər. Belə məhsullarda təbii meyvə payı azalır ki, bu da bir çox insanlarda allergik reaksiyalar, həzm sistemi pozuntuları və daxili orqanların funksional problemləri ilə nəticələnə bilər. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, məhsul alarkən etiket məlumatlarını diqqətlə oxusunlar. Əgər tərkibində konservantlar və ya kimyəvi əlavələr mövcuddursa, bu cür məhsulların tez-tez və çox miqdarda istifadəsindən çəkinmək daha məqsədəuyğundur".

Qida eksperti İlkin Şirinov: "Sublimasiya, maddənin maye halına keçmədən birbaşa bərk haldan qaz halına keçməsi prosesidir. Sadə desək, buzun ərimədən buxarlanması sublimasiyaya misaldır. Qida sənayesində isə bu proses “dondurularaq qurudulma” adlanır.
Proses zamanı məhsul çox aşağı temperaturda dondurulur və ətrafında vakuum, yəni hava boşluğu yaradılır. Bu şəraitdə məhsuldakı su ərimədən birbaşa buxarlanır. Nəticədə məhsulun struktur quruluşu, dadı və rəngi qorunur, mikroorqanizmlərin inkişafı dayandırılır və vitamin-mineral tərkibi maksimum səviyyədə saxlanılır. Sublimasiya məhsullarında C vitamini, B qrup vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar yüksək səviyyədə qorunur. İstilik tətbiq olunmadığı üçün vitamin itkisi minimaldır və bu səbəbdən sublimasiya olunmuş meyvələr adi qurudulmuş meyvələrə nisbətən daha faydalıdır.
Adi qurudulmuş meyvələrdə bəzən dad, forma və tekstura dəyişə bilər, həmçinin konservant və şəkər əlavələri istifadə olunur. Sublimasiya məhsullarında isə dad, forma, rəng və vitaminlər daha yaxşı qorunur. Bundan əlavə, sublimasiya məhsullarının saxlanma müddəti adi qurudulmuş meyvələrə nisbətən daha uzundur. Sublimasiya olunmuş meyvələr sağlam qidalanmaq istəyən insanlar üçün uyğundur. Gündəlik tövsiyə olunan miqdar təxminən 10-30 qram arasındadır. Məhsulu istifadə edərkən üzərindəki etiketdə göstərilən qaydalara əməl etmək vacibdir".
Beləliklə, aparılan müşahidələr və səslənən fikirlər göstərir ki, sublimasiya olunmuş meyvələr qida bazarında getdikcə daha çox maraq doğuran məhsullar sırasındadır. Sağlam qidalanmaya artan maraq bu məhsulların populyarlığını artırsa da, istehlakçıların seçim zamanı diqqətli olması vacibdir. Satıcılar sublimasiya olunmuş meyvələrin rahat istifadə və uzun müddət saxlanma üstünlüklərini önə çəksələr də, alıcılar əsasən məhsulun faydalı olub-olmaması ilə maraqlanırlar. Qida ekspertləri isə bildirirlər ki, bu cür məhsullar düzgün texnologiya ilə və əlavə qatqılar olmadan istehsal edildikdə faydalı ola bilər, lakin həddindən artıq istifadə müəyyən risklər yarada bilər. Bu baxımdan mütəxəssislər istehlakçıları etiket məlumatlarına diqqət yetirməyə və balanslı qidalanma prinsiplərinə əməl etməyə çağırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB