“Gender bərabərliyi müasir cəmiyyətlərdə həm hüquqi mexanizm, həm də sosial inkişaf strategiyası kimi qəbul olunur və qanunvericilik, layihə və proqramlar vasitəsilə tətbiq edilir”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, qadınların səlahiyyətləndirilməsi, onların ictimai, siyasi və iqtisadi proseslərdə aktiv iştirakının təmin olunması müsbət və zəruri bir haldır:
”Bioloji və insani baxımdan qadın və kişi bərabər şəkildə dünyaya gəlirsə, onların hüquq və imkanlarının da bərabər olması prinsipial əhəmiyyət daşıyır. Bu yanaşma gender bərabərliyinin fundamental əsasını təşkil edir.
Lakin gender bərabərliyi anlayışı yalnız hüquqların genişləndirilməsi kontekstində deyil, eyni zamanda sosial institutların, xüsusilə ailənin davamlılığı prizmasından da dəyərləndirilməlidir. Qadınların səlahiyyətləndirilməsi prosesi ailə dəyərləri ilə paralel şəkildə aparılmadıqda, müəyyən sosial ziddiyyətlərin yaranması müşahidə oluna bilər. Ailə cəmiyyətin əsas sosial institutu kimi tarixi və mədəni dəyərlər üzərində formalaşmışdır və bu sistem daxilində kişi və qadının qarşılıqlı hörmətə, məsuliyyət bölgüsünə və ailə başçılığı anlayışına əsaslanan yazılmamış qaydalar mövcuddur. Bu qaydalar ailədaxili harmoniyanın və sabitliyin qorunmasında mühüm rol oynayır.
Müasir dövrdə qadınların yüksək vəzifələrdə təmsil olunması, rəhbər və sahibkarlıq fəaliyyətində iştirakı cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi kimi qiymətləndirilir. Azərbaycan cəmiyyətində qadınlar artıq müxtəlif sahələrdə uğurla təmsil olunurlar. Lakin bu nailiyyətlərin təbliği ilə yanaşı, qadının ailə daxilindəki rolu və məsuliyyətləri barədə də balanslı yanaşmanın formalaşdırılması vacibdir. Əks halda, ictimai səlahiyyətlərin ailə münasibətlərinə düzgün inteqrasiya olunmaması bəzi hallarda rol toqquşmalarına, ailədaxili gərginliklərə və münasibətlərin zəifləməsinə səbəb ola bilər.
Statistik göstəricilərin də təsdiqlədiyi kimi, boşanmaların sayında artım müşahidə olunur və bu prosesin səbəbləri sırasında ailədaxili rolların qeyri-müəyyənliyi də mühüm amillərdən biri kimi çıxış edir. Hüquqi baxımdan ailədə qadın və kişi bərabər hüquqlara malik olsa da, mədəni kontekstdə formalaşmış ailə dəyərləri ailə başçısına hörmət, qarşılıqlı anlayış və vəzifə bölgüsü prinsiplərinə əsaslanır. Bu dəyərlər Azərbaycan ailə modelinin dayanıqlığını təmin edən əsas sütunlardan biridir.
Gender bərabərliyinin təşviqi ailə institutuna zidd mövqedə deyil, onunla uzlaşan şəkildə həyata keçirilməlidir. Qadının cəmiyyətdə səlahiyyət sahibi olması onun ailə daxilindəki kimliyini və rolunu inkar etmir. Qadın eyni zamanda həyat yoldaşı, ana və ailənin mənəvi dayağıdır. Gender bərabərliyi layihələri və ictimai təbliğatlar həyata keçirilərkən qadınların hüquqları ilə yanaşı, ailə məsuliyyətləri və milli-mənəvi dəyərlər də paralel şəkildə vurğulanmalıdır. Yalnız bu halda həm cəmiyyətin inkişafı, həm də ailə institutunun uzunömürlü və dayanıqlı olması təmin edilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB