Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Bu barədə SİA-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi baxımından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi (az əhəmiyyətli əməllər) ilə 228.1-ci maddəsinin (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) birgə şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu üzrə qərar qəbul edilib.

Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, hansısa əməldə cinayətin formal əlamətləri olsa belə, əgər həmin əməl az əhəmiyyətlidirsə və cəmiyyət üçün real təhlükə yaratmırsa, bu əməl cinayət hesab edilmir. Yəni, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır.

Konstitusiya Məhkəməsi öz Qərarında vurğulayır ki, "az əhəmiyyətli əməl" dedikdə, ictimai təhlükəlilik xüsusiyyəti olmayan davranışlar nəzərdə tutulur və belə əməllər mahiyyətinə görə cinayət anlayışına daxil edilmir.

Eyni zamanda qeyd olunur ki, "az əhəmiyyətlilik" anlayışı qiymətləndirici xarakter daşıyır. Yəni hər bir konkret halda əməlin az əhəmiyyətli olub-olmamasını müəyyən etmək hüquq tətbiq edən orqanların – istintaq, prokurorluq və məhkəmələrin səlahiyyətindədir. Bu qiymətləndirmə aparılarkən işin bütün faktiki halları hərtərəfli araşdırılmalı, əməlin kimə, hansı obyektə yönəldiyi, hansı şəraitdə törədildiyi və şəxsin niyyəti nəzərə alınmalıdır.

Qərarda Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə də xüsusi diqqət yetirilir. Həmin maddəyə əsasən, qanunsuz olaraq odlu silahın, onun hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur (yivsiz ov silahları və onların sursatları istisna olmaqla).

Konstitusiya Məhkəməsi qeyd edir ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaq potensialı mövcuddur.

Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, "az əhəmiyyətlilik" xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) yalnız hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə