”İstehlakçıların qida məhsulları alarkən etiket məlumatlarını diqqətlə oxuması son dərəcə vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Ağa Salamov bildirib.
Onun sözlərinə görə, kərə yağı seçimində məhsulun hansı xammaldan hazırlandığı əsas göstəricilərdən biridir:
”Təmiz kərə yağı yalnız süd xammalından istehsal olunur və onun yağlılıq faizi adətən 82–83% təşkil edir. Bu göstəricidən aşağı olan məhsulların tərkibinə əlavə bitki mənşəli yağların qatılması ehtimalı yüksəkdir.
İstehlakçılar etiket üzərində “hidrogenləşdirilmiş yağ” ifadəsi olan məhsullardan uzaq durmalıdırlar. Bu termin əsasən marqarin və marqarin tərkibli yağ məhsullarını ifadə edir ki, onların uzunmüddətli istifadəsi sağlamlıq baxımından risklidir. Eyni zamanda, etiketdə “spred” sözü qeyd olunan məhsullar da kərə yağı hesab edilmir və ucuz alternativ yağlar kateqoriyasına daxildir. Təəssüf ki, bu cür məhsullar bazarda kərə yağı adı altında satışa çıxarılır və seçim məsuliyyəti birbaşa istehlakçının üzərinə düşür.
Bəzən bazarlarda “nehrə yağı” adı ilə, lakin heç bir etiket məlumatı olmayan məhsullara da rast gəlinir. Məlumdur ki, kənd təsərrüfatı məhsullarının bir qismi qeyri-rəsmi şəkildə satışa çıxarıldığı üçün etiketləşdirilmir. Bu vəziyyət isə həm istehlakçı hüquqlarının qorunması, həm də məhsulun keyfiyyətinə nəzarət baxımından müəyyən risklər yaradır.
Bu səbəbdən ev şəraitində hazırlanan kənd məhsullarının brendləşdirilməsi və leqallaşdırılması istiqamətində konkret addımların atılması zəruridir. Kənd yerlərində kərə yağı istehsalı ilə məşğul olan şəxslərə maddi və texniki dəstək göstərilməsi, sanitar-gigiyenik tələblərə cavab verən kiçik istehsal sahələrinin yaradılması vacibdir. Eyni zamanda, aidiyyəti dövlət qurumları tərəfindən bu məhsulların keyfiyyətinə və tərkibinə mütəmadi nəzarət mexanizmi formalaşdırılmalıdır ki, istehsal olunan yağların həqiqətən təmiz kərə yağı olması təmin edilsin.
Belə dəstək mexanizmləri vasitəsilə kənd təsərrüfatı məhsullarının mərkəzləşdirilmiş şəkildə toplanaraq marketlərdə satışa çıxarılması mümkün olar. Bu yanaşma həm kənd əhalisinin iqtisadi rifahına töhfə verər, həm də idxal olunan kərə yağlarına ayrılan valyuta vəsaitinin azalmasına şərait yaradar. Nəticə etibarilə, yerli istehsala yönələn bu cür siyasət ölkə iqtisadiyyatının gücləndirilməsinə və qida təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB