İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda mətbuat konfransı keçirib.

SİA xəbər verir ki, bu barədə Z.Əliyev bildirib ki, 2025-ci ildə icbari tibbi sığortadan istifadə səviyyəsində artım müşahidə olunub. Onun sözlərinə görə, ötən il ərzində əhalinin 54 %-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb. Bu isə icbari tibbi sığorta sisteminə marağın və etimadın ildən-ilə artdığını göstərir.

2025-ci ildə icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alan pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 4 % artım deməkdir. Müraciətlərin sayı isə 15,8 milyon olub. Eyni zamanda, ötən ilin ilk 9 ayında göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə təxminən 9 %-ə yaxın artım deməkdir.

İdarə Heyətinin sədri bildirib ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər gündəlik və zəruri tibbi ehtiyaclarla bağlıdır. Belə ki, müraciətlərin ilk sırasında ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlər yer alır.

Zaur Əliyev özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadənin artdığını da diqqətə çatdırıb. 2025-ci ildə özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da 2024-cü il ilə müqayisədə təxminən 9 % artım deməkdir.

Sədr həmçinin Xidmətlər Zərfinə əlavə edilən yeni tibbi xidmətlər və resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə məlumatları açıqlayıb. O bildirib ki, Xidmətlər Zərfinə anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə 3 yeni tibbi xidmət daxil edilib.

Sədrin sözlərinə görə, Azərbaycanda ölüm riskinin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir: “Buna görə də biz ilkin mərhələdə bu xəstəliklərin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziyanın müalicəsinə xüsusi diqqət yetiririk. Bu məqsədlə antihipertenziv dərman vasitələri icbari tibbi sıorta hesabına qarşılanacaq”.

Sonda sədr vurğulayıb ki, 2025-ci il ərzində Agentliyin Çağrı mərkəzinə ümumilikdə 230 minə yaxın zəng daxil olub. Zənglərin əsas hissəsi göndərişlər, müayinə və müalicə, dərman və tibbi sərf məsələləri ilə bağlı olub. Daxil olan zənglərin 97 %-i dərhal cavablandırılıb ki, bu da Çağrı mərkəzinin operativliyinin göstəricisidir. O, həmçinin, əlavə edib ki, son illər Çağrı mərkəzinin fəaliyyəti təkmilləşdirilib və xidmətlərin qiymətləndirilməsi mexanizmi tətbiq olunub. Belə ki, 52 mindən çox zəng üzrə aparılan qiymətləndirmə nəticəsində vətəndaşların 87 %-i Çağrı mərkəzinin fəaliyyətini 4 və 5 balla dəyərləndirib. Bu da Agentlik üçün vətəndaş məmnuniyyətinin və göstərilən xidmətlərin daha da yüksəldilməsi baxımından mühüm göstəricidir.

Mətbuat konfransının sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə