“2025-ci ildə əhalinin 54 faizi icbari tibbi sığorta xidmətlərindən yararlanıb” - Zaur Əliyev

“2025-ci il üzrə tibbi statistik göstəricilər icbari tibbi sığorta sisteminə ictimai etimadın ildən-ilə artdığını açıq şəkildə göstərir. İl ərzində əhalinin 54 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib".

SİA xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı səsləndirib.

Agentlik sədri bildirib ki, ötən il icbari tibbi sığorta çərçivəsində pasiyentlərin sayı 5,4 milyon nəfərə, ümumi müraciətlərin sayı isə 15,8 milyona çatıb. Onun sözlərinə görə, yalnız 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon olub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə təxminən 9 faiz artım deməkdir.

Zaur Əliyev vurğulayıb ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox müraciət etdiyi xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir:

“Bu statistika göstərir ki, əhali daha çox erkən diaqnostika və profilaktik xidmətlərdən istifadə etməyə üstünlük verir".

Diaqnoz qrupları üzrə göstəricilərə toxunan Agentlik sədri qeyd edib ki, ən çox göstərilən tibbi xidmətlər xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır:

“Qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ən geniş yayılmış diaqnoz qrupları sırasında yer alır".

Ödəniş strukturuna dair məlumat verən Zaur Əliyev bildirib ki, həm TƏBİB tabeli dövlət tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiyalar müşahidə olunur. Belə ki, dövlət tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür.

Özəl tibb müəssisələrində isə ödənişlərin əsas hissəsi qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də sümük-əzələ sistemi xəstəlikləri ilə bağlı xidmətlərə yönəlib.

Agentlik sədri əlavə edib ki, il ərzində dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar, xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb. Digər ən çox icra edilən əməliyyat isə katarakta əməliyyatı olub:

“Katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən Agentliklə müqaviləsi olan özəl tibb müəssisələri də bu prosesə cəlb edilir və vətəndaşların vaxtında tibbi xidmət alması üçün göndərişlər verilir".

Zaur Əliyev qeyd edib ki, 2025-ci ildə özəl tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 faiz artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə 308 mindən çox göndəriş verilib.

Onun sözlərinə görə, bu göndərişlərin 85 faizi planlı, 15 faizi isə təcili xarakter daşıyıb. Planlı göndərişlərin azalması radioloji xidmətlərin dövlət tibb müəssisələrində geniş şəkildə təmin olunması ilə əlaqədardır. Təcili göndərişlərdə isə əsas pay ürək-damar xəstəliklərinin payına düşüb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə