“‘Tibbi sığorta haqqında’ qanunvericiliyə edilən dəyişikliklər nəticəsində icbari tibbi sığorta sistemindən yararlanan şəxslərin dairəsi genişlənib. Artıq müəyyən kateqoriyaya aid olan məhkumlar da icbari tibbi sığorta hesabına tibbi xidmətlərlə təmin olunacaqlar”.
SİA xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı səsləndirib.
Sədr bildirib ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulur:
“Ədliyyə Nazirliyinin tibb müəssisələrində zəruri avadanlıq və ya mütəxəssis olmadığı hallarda, həmin şəxslərin tibbi xidmətləri icbari tibbi sığorta vəsaiti hesabına təmin ediləcək".
Zaur Əliyev qeyd edib ki, tətbiq olunan mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə yaxın şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır:
“Bu məqsədlə 200 min manatadək maliyyə vəsaiti ayrılıb. Bu, səhiyyə xidmətlərinə əlçatanlığın artırılması baxımından mühüm addımdır".
Agentlik sədri vurğulayıb ki, icbari tibbi sığorta sistemi yalnız ölkə vətəndaşlarını deyil, eyni zamanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxsləri də əhatə edir:
“Məqsəd bütün əhali qruplarının keyfiyyətli və vaxtında tibbi xidmətlərə çıxışını təmin etməkdir".
Zaur Əliyev çıxışının sonunda qeyd edib ki, icbari tibbi sığorta sisteminin davamlı şəkildə təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi Agentliyin əsas prioritetlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB