Siqaret çəkmək uzun illərdir ki, təkcə sağlamlıqla bağlı məsələ deyil, eyni zamanda sosial davranış, ictimai mədəniyyət və şəhər mühiti ilə birbaşa əlaqəli problem kimi müzakirə olunur. İctimai yerlərdə siqaret çəkilməsi, siqaret tüstüsünün ətrafdakılara təsiri, eləcə də siqaret kötüklərinin küçələrə atılması cəmiyyətdə narahatlıq doğuran əsas məqamlardandır. Bu vərdiş bəziləri üçün şəxsi seçim sayılsa da, bir çoxları üçün artıq ümumi problemə çevrilib.
Son illər siqaretlə mübarizə məqsədilə müxtəlif qadağalar və məhdudiyyətlər tətbiq olunur, ictimai yerlərdə siqaret çəkməyə görə cərimələr müəyyən edilir. Məqsəd həm insanların sağlamlığını qorumaq, həm də şəhərlərin təmizliyini və ictimai asayişi təmin etməkdir. Lakin bu qaydalar hər kəs tərəfindən eyni cür qarşılanmır. Bəziləri cərimələrin zəruri olduğunu düşünür, digərləri isə bunun davranışları köklü şəkildə dəyişmədiyini iddia edir.
Cəmiyyətdə siqaretə münasibət, siqaret çəkənlərin və çəkməyənlərin bu mövzuya baxışı, eləcə də tətbiq olunan qaydaların real təsiri daim müzakirə mövzusudur. Bu baxımdan şəhər sakinlərinin fikirlərini öyrənmək, onların gündəlik həyatda siqaret çəkmə ilə bağlı hansı problemlərlə üzləşdiyini bilmək olduqca önəmlidir.
SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Elman Səlimxanov: “Siqaretlə bağlı tətbiq olunan cərimələri normal hesab edirəm. Çünki siqaret çəkmək insan sağlamlığına ciddi zərər vurur. Siqaret çəkən şəxs ətrafındakı insanları da düşünməlidir. Ola bilər ki, onun yanında olan biri siqaretin qoxusuna və tüstüsünə dözə bilmir. Həm siqaretin özü, həm də tüstüsü sağlamlıq üçün təhlükəlidir. Bundan əlavə, siqaret çəkmək sadəcə artıq xərcdir. Düşünürəm ki, cərimələr daha da sərtləşdirilsə, insanlar həm ətraf mühiti çirkləndirməz, həm də öz sağlamlıqlarına daha az zərər vurarlar”.

Şəhər sakini Gültəkin Pənahova: “Şəxsən siqaret çəkib kötüyünü yerə atan insanlarla çox rastlaşmamışam, amma cərimələr tətbiq edildikdən sonra şəhərdə ciddi fərq hiss olunur. Əvvəllər parkda gəzəndə ayağımızın altı siqaret kötükləri ilə dolu olurdu, kommunal işçilər belə təmizləməyə çatdırmırdılar. İndi isə vəziyyət xeyli dəyişib, şəhər daha təmiz görünür.
Hesab edirəm ki, insan özü də başa düşməlidir: siqaret çəkirsə, bununla öz sağlamlığına zərər verir, bəs niyə üstəlik ətraf mühiti də çirkləndirsin? İctimai nəqliyyatda – metroda və avtobuslarda – siqaret çəkmək qadağan edildiyi üçün insanlar bu qaydaya əməl edirlər. Düşünürəm ki, bu cür qadağalar təkcə nəqliyyatda deyil, parklar və insanların sıx toplaşdığı digər ictimai məkanlarda da tətbiq olunsa, daha yaxşı nəticə verər”.

Şəhər sakini Elman Nurullayev: “XXI əsrdə qadınların siqaret çəkməsinə hələ də birmənalı baxılmır. Amma zamanla ayaqlaşmaq lazımdır. Hər kəsin öz fikri və düşüncəsi var. Biz istəsək də, istəməsək də, kimsə siqaret çəkmək istəyirsə, çəkəcək. Ümumiyyətlə isə siqaret çox zərərli vərdişdir. Təkcə çəkməmək yox, ona qarşı mübarizə də aparmaq lazımdır ki, başqaları da bu vərdişə aludə olmasın. Cərimələrin tətbiq olunması müsbət addımdır, bəlkə bu yolla insanlar siqaretdən uzaq durarlar. Keçmişdə əsasən tütün çəkilirdi, indi isə yeni siqaretlərin tərkibində tütündən başqa çox zərərli maddələr var. Xarici ölkələrdə bu sahədə fərqli təcrübələr mövcuddur. Məsələn, vaxtilə siqaretin ən çox istifadə olunduğu ölkələrdən biri Danimarka idi. Orada tütünün zərərləri ilə bağlı maarifləndirici lövhələr quraşdırıldıqdan sonra istifadə səviyyəsində təxminən 20 faiz azalma müşahidə olunub. Bizdə də bu cür tədbirlər olsa, çox yaxşı nəticə verə bilər”.
Şəhər sakini Gülər Məmmədova: “Heç kimin şəxsi işinə qarışmaq olmaz. İnsanlar azaddır və hər kəs necə istəyirsə, elə də yaşayır. Düzdür, siqaret çəkmək sağlamlığa zərər verir, amma insanlar bunu bilə-bilə çəkirlərsə, onlara nə desək də, faydası olmayacaq. Cərimələr olsa da, olmasa da, bəzi insanlar yenə istədiklərini edirlər. Əsas məsələ insanın özü düşünməsi və davranışına görə məsuliyyət daşımasıdır. Hər kəs əvvəlcə öz sağlamlığını nəzərə almalıdır”.
Şəhər sakini Ramilə Məmmədova: “İndiki dövrdə kişilərlə müqayisədə daha çox qadının siqaret çəkməsi müşahidə olunur. Bu, həqiqətən də çox pis haldır. Demək olar ki, hər gün qızlarımızın əlində elektron siqaret görürəm. ‘Elektron siqaret’ adı altında təqdim olunsa da, bu məhsullar da sağlamlıq üçün ciddi təhlükə yaradır. Hətta gələcəkdə ana olmaq ehtimalını belə azalda bilər. Hesab edirəm ki, uşaqlara ailədə düzgün tərbiyə verilməli, nəyin zərərli, nəyin faydalı olduğu izah edilməlidir. Cərimələrin tətbiqi isə artıq real təsir göstərir. Məsələn, parkda siqaret çəkən insanlar indi zibil qablarının yanında durmağa çalışırlar. Bu da müəyyən nizam yaradır. Mən bu cərimələrin daha da sərtləşdirilməsinin tərəfdarıyam ki, insanlar siqaretdən tamamilə imtina etsinlər”.
Şəhər sakini Pərviz Süleymanov: “Siqaret çəkmək artıq təkcə şəxsi vərdiş deyil, cəmiyyət üçün problemə çevrilib. İctimai yerlərdə siqaret çəkilməsi, kötüklərin yerə atılması həm şəhərin görünüşünü korlayır, həm də insanların sağlamlığına zərər vurur. Cərimələrin tətbiqi bu baxımdan vacib addımdır. Çünki bəzi insanlar yalnız cəza ilə üzləşəndə qaydalara əməl etməyə başlayırlar. Son dövrlərdə şəhərdə müəyyən müsbət dəyişikliklər hiss olunur. Amma bununla kifayətlənmək olmaz. Maarifləndirmə işi də gücləndirilməlidir. İnsanlar anlamalıdır ki, siqaret təkcə özlərinə yox, ətrafdakılara da ziyan vurur. Düşünürəm ki, cərimələrlə yanaşı, daha geniş maarifləndirici tədbirlər həyata keçirilsə, nəticə daha effektiv olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB