Keçiddən qəsdən ləng keçən piyadalar cərimə oluna bilərmi? - EKSPERT AÇIQLADI

Son günlərdə keçiddə piyadaya yol verməyən sürücülər cərimələnir. Bəs keçiddən qəsdən ləng keçən piyadalar cərimə ola bilərmi? Sürücü və piyada mədəniyyyətinin yüksəkləməsi üçün nələr etməliyik?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı SİA-ya açıqlamasında bildirib ki, yol verməmək anlayışı hüquqi baxımdan konkret şəkildə izah olunmuş bir məsələdir:

“Yəni sürücünün hərəkəti nəticəsində piyada öz sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur qalırsa, yalnız bu halda sürücünün piyadaya yol vermədiyi hesab olunur. Belə vəziyyətlərdə sürücü cərimələnə bilər.

Əks halda, piyada telefonla məşğuldursa, diqqətini başqa işlərə yönəldibsə və ya keçidə daxil olmaq niyyəti açıq şəkildə görünmürsə, sürücünün onun yanından keçməsi “yol verməmək” kimi qiymətləndirilə bilməz.

Ümumilikdə isə yol hərəkəti iştirakçıları arasında qarşılıqlı münasibətlərdə müəyyən problemlər mövcuddur. Bəzən sürücülərdə piyadalara qarşı aqressiv davranış müşahidə olunur, eyni zamanda bəzi piyadalar da sürücülərə qarşı laqeyd və məsuliyyətsiz yanaşma nümayiş etdirirlər.

Nəzərə almaq lazımdır ki, piyada yol hərəkətinin zəif qorunan iştirakçısıdır. Bu səbəbdən sürücülər imkan daxilində piyadalara yol verməli, onların təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar. Lakin piyadalar da bundan sui-istifadə etməməlidirlər. Yəni özlərini istənilən yerdə, qəfil şəkildə avtomobillərin qarşısına atmaları yolverilməzdir.

Təəssüf ki, bəzi piyadalar qanunun yalnız öz maraqlarına uyğun hissəsini qəbul edir, digər tələbləri isə görməzdən gəlirlər. Belə düşünürlər ki, istədikləri yerdən yola çıxa bilərlər və bütün nəqliyyat vasitələri mütləq onlara yol verməlidir. Halbuki bu, qanunvericiliyə ziddir. Qaydalar açıq şəkildə göstərir ki, piyada yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmamalıdır.

Hətta piyada keçidində belə, xüsusi siqnallarla hərəkət edən təcili tibbi yardım, polis və yanğınsöndürmə avtomobillərinə yol verilməlidir. Piyada qırmızı işıqda yolu keçməməli, hərəkət hissəsinə qəfil çıxmamalı və yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidir. Bunların hamısı piyadanın birbaşa məsuliyyətinə daxildir.

Təəssüf ki, bəzi insanlar bu məsuliyyəti dərk etmir, qaydalara əməl etmir və nəticədə ağır yol-nəqliyyat hadisələri baş verir. Bir çox hallarda bu cür məsuliyyətsizlik piyadaların ölümü ilə nəticələnir. Eyni zamanda, bu hadisələrə görə sürücülər də məhkum olunur, azadlıqları məhdudlaşdırılır.

Odur ki, yol hərəkəti qaydalarına əməl olunması hər iki tərəf üçün zəruridir. Həm sürücülər, həm də piyadalar qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinə riayət etməli, yol təhlükəsizliyinə ciddi yanaşmalıdırlar”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə