İpoteka kreditləşməsində hansı güzəştlər nəzərdə tutulur? - QURUMDAN AÇIQLAMA

Dövlət dəstəyi hesabına Fond tərəfindən vətəndaşlara güzəştli şərtlərlə və ən aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsi təmin edilir.

SİA-nın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ünvanladığı sorğuya cavab olaraq, MDB və digər qonşu ölkələrlə müqayisədə, ölkəmizdə ipoteka kreditləri üzrə ən əlverişli şərtlər tətbiq edilmişdir.

2025-ci il ərzində “Elektron ipoteka və kredit zəmanət” sisitemi vasitəsilə vətəndaşlar tərəfindən ipoteka kreditinin alınması üçün 11,2 min müraciət daxil olmuşdur ki, onlardan 5,3 mini güzəştli ipoteka kreditləri təşkil etmişdir. Bu da, öz növbəsində güzəştli ipoteka kreditlərinə olan yüksək tələbatın göstəricisidir.

Məlumdur ki, şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka kreditlərinə əlçatanlığının təmin edilməsi məqsədilə 2018-ci ildən etibarən ipoteka kreditlərinə zəmanətlərin verilməsi mexanizminin tətbiqinə başlanılmışdır. 31 dekabr 2025-ci il tarixinə Fond tərəfindən 1490 kredit üzrə 139,9 mln. manat məbləğində ipoteka kreditlərinə üzrə zəmanət verilmişdir. Ötən il ərzində zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2024-cü illə müqayisədə 43%-dək artım qeydə alınmışdır. Belə ki, ötən il ərzində 347 sayda 40,4 mln. manat həcmində (2024-cü ildə 275 sayda 28,3 mln. manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilmişdir. 2025-ci il ərzində ipoteka kreditlərinə verilmiş zəmanətlərin sayının ümumi zəmanət portfelində xüsusi çəkisi 23,3% təşkil etmişdir.

2025-ci ildə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması və daha əlçatan olması məqsədilə həyata keçirilən dövlət proqramları ilə yanaşı, həmin ərazilərdən yaşayış sahələrinin alınması üçün ipoteka kreditlərinin daha əlverişli şərtlərlə verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na dəyişikliklər tətbiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 443 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən alınacaq yaşayış sahələrinə münasibətdə ipoteka kreditinin maksimal məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85%-dən 90%-dək, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğin borcalanın (borcalanların) aylıq məcmu gəlirlərindəki payı isə 70%-dən 75%-dək artırılmışdır.
Bu güzəştlər borcalanların maliyyə yükünü yüngülləşdirməklə yanaşı, həmin ərazilərdə mənzil əldə etmə imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və regional inkişaf siyasətinin effektiv icrasına xidmət edəcəkdir.
Həmçinin, vətəndaşların ipoteka kreditlərinə çıxışının artırılması, daha geniş əhali qrupunun bu kreditlərdən faydalanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 04 iyul tarixli 199 nömrəli Qərarı ilə müvafiq dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən artıq Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin (toylarda, şənliklərdə aparıcılıq, çalğıçılıq və digər oxşar fəaliyyətlə məşğul olan şəxslər, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan şəxslər, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər, eləcə də fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslərin) gəlirlərinin müəyyən olunması üçün yeni yanaşma tətbiq edilmişdir. Yeni yanaşmaya əsasən, bu kateqoriya üzrə borcalanların aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3 misli, digər rayon (şəhər), qəsəbə və kəndlərdə isə minimum aylıq əməkhaqqının 2 misli həcmində müəyyən edilmişdir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə