Ötən il ipoteka kreditləşməsi sahəsində 95,6 mln. manat vəsait ayrılıb

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən indiyədək 18 mindən çox vətəndaşa ümumilikdə 1,42 mlrd. manat məbləğində güzəştli ipoteka krediti təqdim edilmişdir.

SİA-nın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ünvanladığı sorğuya cavab olaraq, bu kreditlər vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına, xüsusilə aşağı və orta gəlirli ailələrin yaşayış şəraitinin yüksəldilməsinə mühüm töhfə vermişdir.

2025-ci il ərzində isə güzəştli ipoteka kreditləşməsi davam etdirilmiş, 1156 kredit üzrə 95,6 mln. manat məbləğində vəsait ayrılmışdır. Sözügedən göstəricilər güzəştli ipoteka mexanizminin əhəmiyyətini və bu sahədə vətəndaşlar tərəfindən yüksək maraq və tələbatın mövcud olduğunu bir daha təsdiqləyir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə