Zaqatalada dövlət qurumlarının iştirakı ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınmasına həsr olunmuş tədbirlər müzakirə edilib. Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Balakən, Zaqatala və Qax rayon icra hakimiyyətlərinin rəhbərləri, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, rayon ərazisində bitki zərərvericilərinə, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir. Zərərverici rayon ərazisində ilk dəfə 2018-ci ildə aşkarlanıb və bu istiqamətdə görülən işlər nəticəsində onun iqtisadiyyata vurduğu zərərin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri və ekosistem üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Bildirib ki, zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi, mübarizə tədbirlərinin təşkili və maarifləndirmə işləri üzrə aidiyyəti qurumların iştirakı ilə mütəmadi monitorinqlər aparılır. Onun sözlərinə görə, 2025-ci ildə bu monitorinqlər 32 rayonu əhatə edib və ən yüksək sirayətlənmə Balakən, Zaqatala və Qax rayonlarında müşahidə olunub. Bu səbəbdən mübarizə tədbirlərinin əsasən həmin bölgələrə yönəldilməsinin zəruriliyi qeyd edilib.
Nazir mübarizə tədbirlərinin effektivliyinin artırılması üçün yerlərdə ixtisaslaşmış mübarizə dəstələrinin formalaşdırılması, özəl sektorun prosesə cəlb edilməsi, bioloji mübarizə üsullarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə dərmanlanmasının vacibliyini vurğulayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qəhvəyi mərmər bağacığının ekoloji baxımdan təhlükəli zərərverici olduğunu qeyd edərək, nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. O, miqrasiya dövründə sərhəd bölgələrində zərərvericinin operativ izlənməsi məqsədilə Dövlət Sərhəd Xidməti əməkdaşlarının qərargah toplantılarına cəlb edilməsinin önəmini diqqətə çatdırıb.
AQTA sədrinin müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib.
Yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çıxışlarında bölgələrdə aparılan mübarizə tədbirləri barədə məlumat verib, qərargahların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Tədbirdə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov mübarizə işlərinin sürətləndirilməsi və effektivliyinin artırılması üçün bioloji mübarizənin gücləndirilməsi, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb olunmasının vacibliyini qeyd edib. Nazir oxşar toplantıların zərərvericinin yayılması müşahidə olunan digər rayonlarda da keçirilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB