Körpənin anadan aldığı ilk dərs

Vaxtilə böyük loğman İbn Sina analara xitabən deyirdi: "Körpələrə layla deyin və beşikdə yırğalayın. Onlardan biri uşağın mənəvi cəhətdən, digəri fiziki cəhətdən inkişafına kömək edəcək".

Bəzəkli beşiyində ipək yorğanına bürünüb şirin-şirin, mışıl-mışıl yuxuya gedən körpə dünyanın ən böyük gözəlliyi və təmizliyidir. Analar körpənin rahat yatması üçün öz qoynunu, qucağını, hətta kürəyini də beşiyə, yüyrüyə, nənniyə çevirirlər. Beşik başında oxunan layla ananın içindən süzülüb gələn doğmalığın, həzinliyin, analığın, onun keçirdiyi hiss və duyğuların ifadəsidir. Layla ümid, arzu, xəyalın uçuşudur. Layla ananın mənəvi dünyasının şah nəğməsidir. Çünki layla körpə üçün ən doğma olan varlığın - ananın səsi ilə - ən gözəl səslə sonsuz və mərhəm bir bağlılığın ifadəsi kimi ruhumuza axır.

"Müasir araşdırmalar da ana laylasının əvəzsiz olduğunu sübut edir. Laylaların hər kəlməsi uşağın şəxsiyyət kimi formalaşmasına xidmət edir. Analarda belə bir inam olub ki, laylalar körpəni şər qüvvələrdən qoruyur. Hətta pislik və xəstəliklərdən də... Laylalar ana dilimizin əlifbasıdır. Körpə ana bətnindən ayrılandan sonra cismən ana südü, mənən ana laylası ilə qidalanır. Körpənin ruhu və yaddaşı layla dünyası ilə təmasdan dinclik- sakitlik tapır, dilimizin şirinliyi körpənin ruhuna, qanına hopur. Laylalar körpə üçün sakitləşdirici və öyrənmə təsirlərinə malikdir və onu dinləyən yenidoğulmuş uşaq sakitləşir, ananın səsinə reaksiya verərək cavab səsləri çıxarır, bununla da körpənin nitq aparatı inkişaf edir. Laylalar uşağın xarakterinin formalaşmasına faydalı təsir göstərir, fiziki inkişaf, düşüncə, uşağın psixoloji vəziyyətini inkişaf etdirir. Beləliklə, körpə sakit, xeyirxah böyüyür". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun dediyinə görə, tədqiqatçıların araşdırmalarına əsasən, erkən yaşlarda layla dinləməyən uşaqlar eqoist və daha az stresə davamlı olurlar. Layla uşağın müəyyən bir yuxu, oyanma və qidalanma rejiminin inkişafına kömək edir. Layla melodiyası uşağın mikro mühitində müsbət emosional psixoloji iqlimin yaranmasına təsir göstərir. Aparılan sorğular nəticəsində məlum olub ki, belə uşaqlar arasında nevroz xəstəliyinə təsadüfi hallarda rast gəlinir. Layla melodiyasının özünəməxsusluğu emosional gərginliyi aradan qaldırır, müsbət emosional şərait formalaşdırır, normal yuxu üçün əlverişli şərait yaradır. Bütün bunlar uşağın fiziki cəhətdən sağlam ruhlu bir şəxsiyyət kimi formalaşmasını təmin edir. Beşiyi başında layla çalınan uşaqlar emosional cəhətdən dayanıqlı, stresdən uzaq və həyəcan hissinin öhdəsindən vaxtında gələ bilirlər. Layla eşitməyən uşaqlar gələcəkdə daha aqressiv olur, onlarda psixoloji pozuntu hallarına daha çox rast gəlinir. Uşaqların nitq inkişafına da laylalar güclü təsir edir, çünki onlar ilk fonetik səslərlə laylalar vasitəsilə tanış olurlar. Bundan başqa layla eşidən uşaqlarda diqqətin mərkəzləşməsi və inkişafı çox güclü şəkildə gedir.

"Laylalar uşaqlar üçün söz bazası rolu oynayır. Ana layla çaldıqca körpə həmin sözləri yaddaşına həkk edir, sonralar onun təsiri ilə uşağın dili tez açılır. Laylalar həm dəyərlərin, həm də sevginin tərənnümüdür. Layla körpənin ana dilində aldığı ilk dərsdir. Mütəxəssislərin fikrincə, laylanın psixoloji təsiri də böyükdür. Ana bala arasında sevgi bağları güclənir, uşaqlarda özünəinam hissi daha da artır, dinləmə mədəniyyəti formalaşır. Uşaqlar musiqi dinlədikcə rahatlaşır və onlarda çağalıq və körpəlik dövrünün şıltaqlıqları azalmağa başlayır. Məsələn, yuxu zamanı və yaxud yuxudan oyananda aqressiv olan uşaqlara layla deyəndə onlar daha rahat yuxuya gedirlər. Gözəl səs və gözəl söz həmişə xoş duyğular oyadır", - deyə Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə