" "Fast food" qidalanması sürətlə həyat tərzinə çevrilir" - DİETOLOQ DANIŞDI

"Bu gün dünyanın yarıdan çoxu artıq bu tip qidalanmaya meyillidir. İstər qida mütəxəssisləri, istər qidalanmasına diqqət edən insanlar, istərsə də dünyanın müxtəlif ölkələrini gəzən şəxslər bunu açıq şəkildə müşahidə edə bilirlər. Dünyanın müxtəlif kafe və restoranlarında, eləcə də Azərbaycanda və qonşu ölkələrdə ən çox qarşılaşdığımız mənzərə ondan ibarətdir ki, insanlar - xüsusilə də uşaqlıqdan böyüyə doğru - fast food qidalarına daha çox üstünlük verirlər.
Xüsusən uşaqlar və gənc nəsil fast food qidalara daha çox meyillidir". Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, bu məsələ yalnız ucuz qida seçimi və ya sağlamlıqla yoxsulluq arasında seçimlə bağlıdır: "Çünki istər zəngin təbəqəni, istər orta təbəqəni, istərsə də yoxsul təbəqəni araşdırsaq, görərik ki, fərq etmir - təxminən 10 nəfərdən 7-si "fast food" qidalarına meyillidir.

Artıq evdə bişirilən qidalar getdikcə arxa plana keçir. Müxtəlif qida mütəxəssislərinin və dünyanın müxtəlif ölkələrini gəzən insanların müşahidələri də göstərir ki, kafe və restoranlarda əsasən fast food qidaları üstünlük təşkil edir. Bunlara burgerlər, pizzalar, hazır küftələr, paketlənmiş çörəklər və əvvəlcədən hazırlanaraq müştəriyə sürətli şəkildə təqdim olunan məhsullar daxildir.

"Fast food" qidalarının tərkibində müəyyən maddələr var ki, mən bunu dəfələrlə qeyd etmişəm. Xüsusilə məşhur kafe və restoranlarda satılan fast food qidalarının tərkibində elə maddələr mövcuddur ki, onlar insanlarda asılılıq yaradır, hətta narkotik təsir bağışlayır. Bu səbəbdən uşaqlar bu qidaları daha çox sevir və mütəmadi istifadə etmək istəyirlər. Uşaqlarda dad bilmə qabiliyyəti və dad reseptorları xüsusilə həssas olur. Buna görə də mən valideynlərə həmişə tövsiyə edirəm ki, hamiləlik dövründən etibarən düzgün qidalanmaya diqqət yetirsinlər. Çünki bu, gələcəkdə dünyaya gələcək uşağın qida seçiminə birbaşa təsir edir. Uşaqlar xüsusilə 6 yaşına qədər dad mərkəzləri baxımından çox həssas olurlar. Hansı qidaya öyrəşdirilirlərsə, beyin reseptorları onu qəbul edir və bu vərdiş sonrakı illərdə də davam edir.

Bu səbəbdən uşaqları körpəlikdən düzgün qidalara alışdırmaq lazımdır. Kafe və restoranlarda satılan fast food qidalarının, xüsusilə ət məhsullarının tərkibində kanserogen və asılılıq yaradan maddələr olur. Bu maddələr orqanizmə ciddi zərər verir. Daimi istifadəsi piylənməyə, bağırsaq xəstəliklərinə, dərinin problemlərinə, zehni qabiliyyətin zəifləməsinə səbəb olur. Eyni zamanda yuxu rejimi pozulur, halsızlıq və stres yaranır.

Burada söhbət ev şəraitində hazırlanmış yeməklərdən getmir, məhz kafe və restoran şəraitində hazırlanan fast food qidalarından gedir. Ona görə də valideynlər övladlarını bu cür qidalardan mümkün qədər uzaq tutmalıdırlar. Yenə də vurğulayıram ki, istər zəngin, istər orta, istərsə də yoxsul təbəqə olsun, bu problem bütün cəmiyyət üçün keçərlidir.
Mən bir mütəxəssis kimi kafe və restoranlarda yemək yeyərkən tez-tez müşahidə edirəm ki, valideynlər özləri necə qidalanırlarsa, uşaqlarına da eyni qidaları verirlər. Uşaqların qarşısına kartof qızartması, fast food qidaları və kanserogen içkilər qoyulur. Halbuki uşaqları bu qidalardan uzaq tutmaq lazımdır ki, sağlam böyüsünlər.

Bu cür qidalanma uşaqların gələcək təhsilinə və həyat keyfiyyətinə mənfi təsir göstərir. Piylənməyə, boy və inkişaf problemlərinə, zehni qabiliyyətin azalmasına, stresə və yuxu pozuntularına səbəb olur. Mütəmadi fast food istifadəsi daxili orqanlara, hormonal sistemə, insulin dirəncinə və digər ciddi sağlamlıq problemlərinə gətirib çıxarır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə