“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindındir. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bu sahə daim diqqətdə saxlanılır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kəlbəcər şəhərində məskunlaşan və artıq işlə təmin olunan sakinlərdən biri də Hüsaməddin İbrahimovdur. O, 32 il əvvəl gənc bir yeniyetmə kimi tərk etdiyi Kəlbəcərə indi ailə başçısı kimi qayıdıb.

Hüsaməddin İbrahimov doğma torpaqda yaşamağın, işləməyin gözəl olduğunu bildirir: “Kəlbəcəri tərk edəndə 17 yaşım var idi. Bakıda məskunlaşmışdıq. Hazırda Kəlbəcər şəhərində yaşayıram. Doğma torpağımızda yaşamaq bizim üçün çox gözəldir. Yaşamaq üçün burada hər cür şərait yaradılıb”.

Müsahibimiz bildirir ki, qayıdışın ən mühüm tərəflərindən biri də işlə təmin olunmaqdır: “Evlə yanaşı, işlə də təmin olunmuşam. Burada sürücü işləyirəm. İşimdən razıyam. Soyuq olsa da, relyefi çətin olsa da, heç bir çətinlik yaratmır, çünki bura bizim dədə-baba torpağımızdır. Burada yaşamaq, işləmək bizim üçün xoşdur”.

Hüsaməddin İbrahimov kimi insanlar üçün doğma yurdda yaşamaq, işləmək həm də qürurdur, yeni həyata başlanğıc, yeni bir səhifədir.

Bütün xəbərlər Facebook səhifəmizdə