“Azərbaycan xalqı tarixən ailə dəyərlərinə, sədaqətə və məsuliyyətə üstünlük verib“ - SOSİOLOQ DANIŞDI
“Azərbaycan Respublikasında ailə münasibətləri hüquqi əsaslar üzərində qurulur və bu əsaslar Ailə Məcəlləsinin 12-ci maddəsində açıq şəkildə təsbit olunub”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görı, həmin maddəyə görə, bir kişi yalnız bir qadınla rəsmi nikaha daxil ola bilər və əks halda, yəni bir kişinin eyni zamanda iki və ya daha artıq qadınla ailə qurması hüquqi məsuliyyət yaradır:
”Bu norma təkcə hüquqi mexanizm deyil, həm də cəmiyyətin formalaşmış ailə dəyərlərinin hüquqi ifadəsidir.Tarixi və etno-mədəni baxımdan da çoxarvadlılıq türk xalqlarına məxsus ənənə olmayıb. Bu praktika əsasən fars və ərəb cəmiyyətlərində yayılıb və tarixən fərqli sosial-iqtisadi şərtlərlə bağlı olub. Azərbaycan cəmiyyəti isə ailə institutunu monoqamiya, yəni bir kişi və bir qadın prinsipi üzərində formalaşdırıb. Bu səbəbdən çoxarvadlılıq məsələsinin müasir Azərbaycan cəmiyyətində müzakirə obyektinə çevrilməsi nə tarixi ənənələrə, nə də mövcud sosial reallıqlara uyğundur.
Məsələnin daha təhlükəli tərəfi ondan ibarətdir ki, bir kişinin rəsmi nikahda olduğu halda digər qadınla dini nikah münasibəti qurması ailə institutunu ciddi şəkildə sarsıdır. Belə halların üzə çıxması ailədaxili etimadın pozulmasına, psixoloji gərginliyə və nəticə etibarilə boşanmaların artmasına səbəb olur. Bu isə təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin sosial dayanıqlığına zərbə vurur. Ailə dəyərlərinin qorunması üçün “bir nikah” prinsipinin ardıcıl və qəti şəkildə müdafiə olunması vacibdir.
Bəzi dairələrdə bu mövzuda dini arqumentlərə istinad edilir. Lakin burada tez-tez yanlış şərhlərə rast gəlinir. Qurani-Kərimdə qeyd olunan çoxevlilik məsələsi konkret tarixi və sosial kontekstlə bağlı olub və əsas məqsəd himayəsiz, imkansız qadınların və uşaqların qorunması, onların sosial təminatının həyata keçirilməsi idi. Bu, klassik mənada ailə münasibətlərinin genişləndirilməsi deyil, daha çox sosial məsuliyyət və himayə mexanizmi kimi nəzərdə tutulub. Bu yanaşmanı müasir dövrün ailə modeli ilə eyniləşdirmək elmi və dini baxımdan düzgün deyil.
Eyni zamanda, müasir Azərbaycan cəmiyyətinin sosial-iqtisadi reallıqları da çoxarvadlılığı faktiki olaraq mümkünsüz edir. Orta statistik ailənin maddi imkanları bir ailənin normal təminatına çətinliklə yetdiyi halda, bir kişinin bir neçə ailəni eyni məsuliyyət və ədalət prinsipi ilə idarə etməsi real deyil. Bu baxımdan, çoxarvadlılıq ideyasının cəmiyyətə “alternativ model” kimi təqdim edilməsi sosial manipulyasiya xarakteri daşıyır.
Nikahdan kənar münasibətlərin normallaşdırılması və ya dini əsaslarla legitimləşdirilməsi cəmiyyət tərəfindən qəti şəkildə qəbul edilməməlidir. Belə hallara ictimai qınaq mexanizmi tətbiq olunmalı, ailə institutunu sarsıdan davranışlar kənarlaşdırılmalıdır. Azərbaycan xalqı tarixən ailə dəyərlərinə, sədaqətə və məsuliyyətə üstünlük verib və bu prinsiplərin qorunması cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB