Bolnisi şəhərində fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasimdə ziyalılar, müəllimlər və mərkəzin müdavimləri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Rezo Həsənov bildirib ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək bir tarixdir. Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi əbədi yaşayacaq.
Çıxış edən ziyalılar və mərkəzin müəllimləri 20 Yanvarın Azərbaycan tarixində “Qanlı Yanvar” kimi yadda qaldığını, bu faciənin artıq 36 ildir xalqımız tərəfindən dərin ehtiramla xatırlandığını vurğulayıblar. Xüsusi qeyd olunub ki, gənc nəsil bu tarixi heç zaman unutmamalı, onu daim yaddaşında saxlamalıdır.
Bildirilib ki, 20 Yanvar faciəsi zamanı şəhid olanlar arasında Gürcüstan əsilli şəhidlərimiz də olub və bununla bağlı iştirakçılara ətraflı məlumat verilib.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin, güclü və dönməz iradəsinin parlaq nümunəsi kimi tarixdə qalır.
Qeyd edək ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi hər il olduğu kimi, Faxralı və digər kəndlərdə dəfn olunan 20 Yanvar şəhidlərini yad edirlər.
Sonda “20 Yanvar – qan yaddaşımız” adlı film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB