Qardabanidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gürcüstandakı “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərkəzin direktoru Çiçək Hüseynova şagirdlərə 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirib. O bildirib ki, 20 Yanvar tariximizin qanlı, eyni zamanda, şanlı qəhrəmanlıq səhifəsidir:”1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu xalqımızın azadlıq yolundakı mübarizədə əzmini, iradəsini qıra bilməyib. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. Qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb”.

Direktor şəhidlərin əziz xatirəsinin əbədi yaşayacağını vurğulayıb.

Mərkəzin müəllimi Sevda Şahverdiyeva silahsız insanların şücaətindən danışıb. O, 20 Yanvarın yaddaşlardan silinməyəcəyini, eynu zamanda, bu günün faciə deyil, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulayıb.

Daha sonra şagirdlər faciə ilə bağlı şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə