Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində Misir Ərəb Respublikasının Dini işlər və vəqflər naziri – İslam Ali Şurasının sədri Usamə əl-Əzhəri ilə görüşüb.

SİA xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən dini-mənəvi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.

İkitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib, beynəlxalq platformalarda qarşılıqlı dəstək və birgə təşəbbüslərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Ramin Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini etiqad azadlığının təmin edildiyini, multikulturalizm və tolerantlıq ənənələrinin dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Usamə əl-Əzhəri də öz növbəsində Misirdə dini sahədə aparılan islahatlar, əl-Əzhər Universitetinin İslamın sülh, həmrəylik və humanizm dəyərlərinin dünyada təbliği istiqamətində gördüyü işlər haqqında danışıb. O, ölkəsinin Azərbaycanla dini sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, alimlərin, din xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi, dini maarifləndirmə layihələrinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə