AMADA-da 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb

Yanvarın 19-da Azərbaycan Milli Antidopinq Agentliyində (AMADA) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

SİA-nın məlumatına görə, agentlikdən bildirilib ki, tədbir iştirakçıları Qanlı Yanvar faciəsi zamanı həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində faciə olmaqla yanaşı, milli qəhrəmanlıq səhifəsidir. Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında SSRİ rəhbərliyinin Bakıda törətdiyi qanlı qırğını kəskin şəkildə pisləyib, bu hadisəni Azərbaycan xalqına qarşı ağır cinayət adlandırıb. Ulu Öndər baş verənlərə siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib.

Təhminə Tağı-zadə 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə faciə kimi daxil olsa da, xalqımızın həyatında dönüş nöqtəsi olduğunu, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdiyini bildirib.

AMADA-nın əməkdaşı Nəcibə Hüseynova 20 Yanvar faciəsinə aparan yol, xalqımızın qəhrəman oğul və qızlarının şücaəti, Ulu Öndər Heydər Əliyevin hadisəyə verdiyi hüquqi-siyasi qiymət, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı filmi nümayiş olunub.

Sonda Təhminə Tağı-zadə qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət nəticəsində əldə edilən tarixi Zəfər sayəsində ölkəmizin 30 ilə yaxın işğal altında olan əraziləri azad edilib, hazırda həmin ərazilərə əhalinin mərhələli və təhlükəsiz şəkildə qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” Proqramı uğurla icra olunmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə